Koreyada “İpək Yolu” mədəniyyət festivalında “Azərbaycan günü” keçiriləcək

Koreyada “İpək Yolu” mədəniyyət festivalında “Azərbaycan günü” keçiriləcək backend

İncəsənət ustalarımız bir həftə ərzində konsert proqramları ilə çıxış edəcəklər Avqustun 21-dən oktyabrın 18-dək Koreya Respublikasının Qyonqcu (Gyeongju) şəhərində "İpək Yolu" mədəniyyət festivalı keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmiz də geniş heyətlə təmsil olunacaq. Festival çərçivəsində avqustun 22-də "Azərbaycan günü" təşkil ediləcək.


Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə keçiriləcək "Azərbaycan günü"ndə Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblı üzvlərinin, pianoçu və solistlərin, Qəbələdən olan saz ifaçılarının çıxışları gözlənilir.
"Azərbaycan günü"ndən başqa, incəsənət ustalarımız bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.
Bu arada Koreya Respublikasının Qyonqcu şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında "Dostluq münasibətlərinin qurulması haqqında" saziş imzalanıb.
Sənədi bu ölkədə səfərdə olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-şik imzalayıblar.
Mərasimdən əvvəl keçirilmiş görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, ölkələrimizin ayrı-ayrı bölgələri, şəhərləri arasında birbaşa əməkdaşlığın yaranması və inkişafı bu baxımdan təqdirəlayiq haldır. Tərəflər qədim tarixi olan Qəbələ və Qyonqcu şəhərləri arasında əlaqələrin yaranmasına əsas verəcək sazişin əhəmiyyətini vurğulayıblar.
Sazişə əsasən, tərəflər mədəniyyət, elm, biznes, idman, gənclər sahələrində nümayəndə heyətlərinin mübadiləsi yolu ilə iki şəhər arasında dostluq münasibətlərinin qurulmasını razılaşırlar. Bu istiqamətdə qədim İpək Yolu üzərində yerləşən hər iki şəhər iqtisadiyyat, biznes və turizm imkanlarından istifadə etməklə əlaqələrin genişlənməsinə töhfə verəcək, tarix, mədəniyyət və arxeologiya sahələri də daxil olmaqla elmi əməkdaşlığa başlayacaq, idman və gənclər istiqamətində birgə tədbirlər təşkil edəcəklər.
Diaspora