MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 2-də Minskdəki “Prezident-Otel”də MDB iştirakçıları olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Şura üzvləri MDB iştirakçıları olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) əməkdaşlığının prioritet məsələlərini və cinayətkarlığa qarşı mübarizə üzrə dövlətlərarası proqramların yerinə yetirilməsinin gedişini müzakirə edəcəklər.
İnformasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə Birlik ölkələrinin əməkdaşlığına dair sənədlərin layihələrinin müzakirə edilməsi, avtomobil nəqliyyatının oğurlanmasına qarşı mübarizə sahəsində daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə dair tədbirlər hazırlanması, MDB iştirakçıları olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və təhlükəli cinayətlərin digər növlərinə qarşı mübarizənin əlaqələndirilməsi üzrə Büronun İxtisaslaşdırılmış Məlumat Bankının fəaliyyət qaydası haqqında Təlimatın təsdiq edilməsi nəzərdə tutulur.
İdman komandalarının azarkeşlərinin qeyri-formal birliklərinin üzvlərinin hüquqazidd hərəkətlərinin (o cümlədən beynəlxalq miqyaslı kütləvi idman və tamaşa tədbirlərinin keçirildiyi dövrdə) qarşısının alınması üçün daxili işlər orqanları (polis) arasında informasiya mübadiləsinin inkişaf etdirilməsi, yeni psixoaktiv, psixotrop maddələrin və narkotik vasitələrin, habelə insan orqanizminə fizioloji təsirinə görə onlara oxşar, potensial təhlükəli kimyəvi maddələrin dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Tədbir çərçivəsində Şura üzvlərinin Belarus Respublikasının baş naziri A.Kobyakov ilə görüşü, habelə daxili işlər nazirlərinin bir sıra ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.