Almaniya Federal Kəşfiyyat Xidmətində qalmaqallar səngimir. AZƏRTAC “Süddeutsche Zeitung” qəzetinə istinadla xəbər verir ki, ölkənin baş prokurorluğunun tələbi ilə Federal Kəşfiyyat Xidmətinın keçmiş agentinə vətənə xəyanət işi ilə bağlı ittiham irəli sürülüb. Prokurorluq tərəfindən hazırlanan iddianamədə 32 yaşlı Markus R. adlı sabiq agentin amerikanlara və ruslara gizlı sənədlər sızdırdığı ifadə olunub.
Bu şəxsin uzun illər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işlədiyi və eyni zamanda Rusiyanın xüsusi xidmətləri ilə də işbirliyində olduğu iddia edilir. Xidməti fəaliyyət sirlərini ifşa etməkdə və rüşvət almaqda günahlandırılan keçmiş kəşfiyyat agentinin 2008-ci ildən etibarən Mərkəzi Kəşfiyyat İradəsinə iki yüzdən çox dövlət sirrinin əks olunduğu gizli sənədlər ötürdüyü və bunun müqabilində azı 95 min avro rüşvət aldığı bildirilir.
Məlum olub ki, Markus R. Rusiyanın xüsusi xidmət orqanlarına və Münxen şəhərindəki baş konsulluğuna da gizli materiallar ötürüb. Almaniyanın milli və xarici təhlükəsizliyini zərbə altına qoyan təhlükəsizlik agenti 2014-cü ildən istintaq altında saxlanılır. Əgər ittiham sübuta yetərsə, onu 5 ildən ömürlük həbsədək cəza gözləyir.