Miqrantların sayının kəskin azaldılmasına tərəfdar olan sağ təmayüllü millətçi mühafizəkarlardan ibarət İsveç Demokratlar Partiyası ölkə tarixində ilk dəfə ən populyar partiyaya çevrilib.
Yougov sosioloji mərkəzi tərəfindən aparılmış ictimai rəy sorğusunun yekunları bunu təsdiq edir.
Sorğu nəticəsində alınmış məlumatlara görə, əgər ölkədə parlament seçkiləri bu gün keçirilsəydi, respondentlərin 25,2 faizi İsveç demokratlarına səs verərdi. Hakim Sosial Demokrat Fəhlə Partiyasını dəstəkləyənlərin sayı 23,4 faiz, ən iri müxalifətçi mötədil koalisiya partiyasının tərəfdarlarının sayı 21,0 faiz olub.
Bu xəbər cəmiyyətdə şok yaratmasına baxmayaraq, yeni məlumatlar İsveç politoloqlarını heyrətləndirməyib.
Bu gün İsveçdə immiqrantlar probleminə diqqət artmaqdadır. İsveç ölkəyə qəbul edilmiş immiqrantların sayına görə lider dövlətlərdən biridir. Bu isə hakimiyyət orqanları üçün problemlər yaradır və əhalini narahat edir. Miqrantlarla bağlı xəbərlər KİV-də əsas mövzuya çevrilib. Qeyd edilir ki, ölkə regionlarının çoxu miqrantlar axınının öhdəsindən gələ bilmir. Avropa İttifaqında miqrasiya ilə əlaqədar ən yumşaq qanunlar bu ölkədədir. Bu isə İsveçə gəlmək istəyənlərin sayının artmasına səbəb olur.
Sorğunun nəticələrinə görə, məhz bu səbəbdən respondentlərin 46 faizi güman edir ki, qaçqınların qəbul edilməsi problemi ölkədə ən mühüm siyasi məsələdir.