“Trigana Air Service” qəza zamanı ölənlərin ailə üzvlərinə pul ödəyəcək

“Trigana Air Service”  qəza zamanı ölənlərin ailə üzvlərinə pul ödəyəcək backend

İndoneziyanın “Trigana Air Service” aviaşirkəti Papua əyalətində qəzaya uğramış təyyarədə həlak olanların ailə üzvlərinə 90 min ABŞ dolları ödəyəcək.


Bu barədə şirkətin nümayəndəsi Benni Sumarianto məlumat verib. Onun bildirdiyinə görə, qanuni varislərə bu məbləğ yaxın 3-4 həftə ərzində ödəniləcək. Bundan əlavə, həlak olanların ailə üzvlərinə sığorta şirkəti tərəfindən də 7,2 min dollar ödənəcək.

Oksibil şəhəri yaxınlığındakı dağlıq ərazidə axtarış-xilasetmə tədbirləri xilasedicilər 54 nəfərin cəsədini təxliyə etdikdən və təyyarənin “qara qutu”larını ekspertlərə çatdırdıqdan sonra başa çatıb. İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelistinin bildirdiyinə görə, bundan sonra qəza yerində müstəntiqlər və polis işləyəcək.

Xatırladaq ki, “Trigana Air Service” aviaşirkətinə məxsus ATR 42-300 tipli təyyarə Cayapura-Oksibil marşrutu üzrə reysi həyata keçirərkən enməyə 10 dəqiqə qalmış radarların ekranından itib. Sonradan hökumət orqanları təyyarənin qəzaya uğrayaraq dağa çırpılması barədə məlumat yayıb.

İndoneziyanın “Trigana Air Service” aviaşirkəti 1991-ci ildə təsis edilib. Hazırda onun qərargahı Cakarta şəhərində yerləşir. Əsasən yerli reysləri həyat keçirən şirkətin aviaparkına yeddi ATR 42-300, üç ATR 72-200 və dörd Boeing 737-400 sərnişin təyyarəsi və bir neçə yük layneri daxildir.
Diaspora