Türkiyənin Siirt bölgəsində Kürd Fəhlə Partiyasına (PKK) məxsus daha bir cəbbəxana aşkarlanıb.
Türkiyə mediasının məlumatına görə, bu bölgədə keçirilmiş antiterror əməliyyatında 3 terrorçu həbs olunub. Terrorçulara məxsus 30 Kalaşnikov avtomatı, 12 kiloqram partlayıcı və çox sayda digər silah-sursat aşkar edilib. Bundan başqa, ölkənin Sivas bölgəsində PKK tərəfindən yollara basdırılmış 12 partlayıcı zərərsizləşdirilib.
Terrorçuların Mardinin Nusaybin rayonunda körpüdə törətdikləri partlayışda 3 nəfər yaralanıb. Bu bölgədə polis 8 terrorçunu həbs edib.
İstanbuldakı Kıraç polis məntəqəsi PKK-çılar tərəfindən atəşə tutulub. Terrorçular, həmçinin İğdır-Doğubəyazit avtomobil yolunda maşınlara benzin tökərək od vurublar.
Anadolu Agentliyinin məlumatına əsasən, iyulun 22-dən bəri hökumət qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 771 terrorçu məhv edilib.