"O, hökuməti idarə etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir" Moldovanın yeni baş naziri vaxtilə Azərbaycanda çalışmış Kirill Qaburiç ola bilər.
“Ukrinform.ua” saytının verdiyi məlumata görə, “Avropalı Moldova Naminə” iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası K. Qaburiçin namizədliyini ölkə prezidenti Nikola Timoftiyə təklif edəcək.Partiyanın lideri Vlad Filat prezidentlə görüş öncəsi bildirib ki, baş nazir vəzifəsinə heç bir partiyanın üzvü olmayan şəxsin namizədliyinin irəli sürülməsi təsadüfi deyil: “O, hökuməti idarə etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir. Bunu görüş zamanı prezidentin də diqqətinə çatdıracağıq. Ümid edirəm ki, parlamentdə Kommunist Partiyasının üzvləri də Kirill Qaburiçin namizədliyini dəstəkləyəcəklər”.
Qeyd edək ki, baş nazir vəzifəsinə əvvəlki namizəd Yuriye Lyankenin namizədliyi parlamentdə təsdiq olunmayıb. K. Qaburiç 38 yaşındadır. O, 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti vəzifəsində çalışıb.