Rusiya ilə bağlı yekun qərar verilib: ABŞ və Qərb Kremlin “qələm”ini qırıb

Rusiya ilə bağlı yekun qərar verilib:  ABŞ və Qərb Kremlin “qələm”ini qırıb backend

ABŞ və Qərb Ukraynada “savaş bataqlığı”na saldığı Rusiyanı elə də asanlıqla əlindən buraxmaq niyyətində deyil, bütün planların Kremlin orada tamamilə “batırılması” üzərində qurulduğu müşahidə edilir; İndi savaşı uzatmaqla, verilən hökmün tədricən, yəni, yaxın bir neçə il ərzində icrasına, Rusiyanın sonunun gətirilməsinə çalışırlar...

Ukrayna savaşı başlanmazdan öncə onun çox da uzun çəkməyəcəyini ehtimal edirdilər. Əksəriyyət hesab edirdi ki, Ukrayna ordusu Rusiyanın nəhəng hərbi potensialı qarşısında duruş gətirməz. Hətta Rusiya siyasi dairələri savaşın ilk saatlarında ən uzağı üç gün ərzində paytaxt Kiyevi ələ keçirib, Ukraynanı kapitulyasiyaya məcbur edəcəklərini iddia edirdilər.

Ancaq bütün bunların heç birisi baş vermədi. Cəmisi üç gün ərzində işğal edilməsi planlaşdırılan Ukrayna artıq ikinci aydır ki, Rusiya ilə müharibə aparır. Üstəlik, Rusiyanın siyasi dairələrində savaşöncəsi optimizmi indi pessimist əhval-ruhiyyə əvəzləyib. Kremldəsə, açıq-aşkar çaşqınlıq yaşanır.

Məsələ ondadır ki, Rusiya Ukrayna savaşında ciddi canlı qüvvə və hərbi texnika itkiləri ilə məğlub tərəf durumuna düşüb. İndi ən radikal rus propoqandistlər belə, Rusiyanın “savaş bataqlığı”ndan qalib çıxacağına ciddi şübhə etdiklərini gizlətməkdə çətinlik çəkirlər. Və artıq Kreml Ukrayna savaşının dayandırılmasının, rəsmi Kiyevlə sülh müqaviləsinin əsas təşəbbüskarı kimi çıxış etməyə başlayıb.

putin1646377325.jpg (86 KB)

Məsələ ondadır ki, savaşın ilk həftəsindən fərqli olaraq, Kreml Ukraynaya qarşı sülh şərtlərini ciddi şəkildə ixtisar etmək məcburiyyətində belə, qalıb. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Qərbi savaşın uzadılmasına çalışmaqda ittiham edir. Və bu, beynəlxalq sanksiyaların dağıdıcı təsirini tədricən hiss etməyə başlamış Rusiyanın savaş meydanındakı çarəsizliyini göstərməkdədir.

Əslində, Kreml bir məsələdə tamamilə haqlı görünür. Belə ki, ABŞ və Qərb Ukrayna savaşının dayandırılması istiqamətində heç bir ciddi addım atmağa həvəsli olmadığını biruzə verir. Əksinə, ABŞ və Qərbin atdığı bütün addımlar Ukrayna savaşının mümkün qədər, hətta illərlə uzadılmasına hədəflənib. Və bu, onu göstərir ki, Rusiyanın “qələmini qırmağa” çalışırlar.

Buna əmin olmaq üçün son vaxtlar Ukrayna ordusuna tədarük olunan yeni silahların təyinatına diqqət yetirmək kifayətdir. Əgər, savaşın ilk mərhələsində Ukraynaya daha çox yüngül müdafiə silahları verirdilərsə, indi artıq müasir hücum silahları göndərirlər. Bu isə Ukrayna ordusunun ölkə ərazisindəki Rusiya qoşunlarına vurduğu hərbi zərbələrin şiddətini daha da artırır.

Digər tərəfdən, Qərb siyasi dairələrinin rəsmi təmsilçiləri də sülh danışıqlarından daha çox savaşın uzadılmasına yönəlik açıqlamalar ilə diqqəti çəkirlər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukraynaya silah tədarükünü sürətləndirməyə və ukraynalılara müasir hərbi texnikadan istifadəni tez bir zamanda öyrətməyə çağırıb. O, bu məsələni Avropa İttifaqının Hərbi Komitəsi ilə müzakirə edəcəyini də vəd edib.

put-krem.JPG (67 KB)

Maraqlıdır ki, Jozep Borrel Rusiyanın məhz savaş meydanında məğlub edilməsinin vacibliyini də açıq mətnlə vurğulayıb. O, Kiyevə səfərdən sonra bəyan edib ki, Ukrayna savaşı sülh danışıqları masasında deyil, məhz savaş meydanında məntiqi nəticəyə çatdırılmalıdır: “Bu müharibə savaş meydanında qazanılmalıdır”.

Belə anlaşılır ki, Qərb siyasi dairələri hazırda Ukrayna savaşının dayandırılması barədə ümumiyyətlə, düşünmürlər. Onların əsas hədəfi Rusiyanı hərbi məğlubiyyətə uğradaraq, Kremlin beynəlxalq siyasət məkanındakı təsir gücünü tamamilə iflasa uğratmaqdan ibarətdir. Yəni, ABŞ və Qərbə savaş meydanında ağır məğlubiyyətə uğradılaraq, siyasi iradəsi Kremlin qala divarları içərisinə sıxışdırılmış Rusiya lazımdır.

Onu da qeyd etmək lazımdır ki, savaş meydanındakı nisbi uğurlar rəsmi Kiyevin də mövqeyində müəyyən dəyişikliklərə yol açmağa başlayıb. İndi rəsmi Kiyev sülh danışıqlarına qətiyyən əvvəlki kimi həvəsli görünmür. Əksinə, hazırda rəsmi Kiyev sülh danışıqları masasına daha maksimalist tələblər çıxartmaqla, diqqəti çəkir. Və hətta gələcək hərbi qələbənin planlarını qurduğunu da gizlətmir.

Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak savaşının taleyinin Donbas bölgəsində gözlənilən hərbi toqquşmadan sonra aydınlaşmağa başlayacağını vurğuylayıb. Onun fikrincə, Donbasda hərbi üstünlüyün kimin tərəfinə keçəcəyi məlum olmadan, Ukrayna və Rusiya prezidentləri arasında görüş gözlənilmir: “Ukrayna artıq böyük savaş üçün hazırdır. Biz Donbasda qalib gəlməliyik. Məhz bundan sonra sülh danışıqları masası arxasında öz mövqelərini möhkəmləndirəcək və öz şərtlərini Rusiyaya diqtə edəcək. Yalnız bu halda, prezidentlərin görüşü mümkün ola bilər. Yəqin ki, belə vəziyyətin yaranması üçün 2-3 həftə vaxt lazım gələcək”.

5937898f-81b6-40ba-aca3-555654803559.jpg (265 KB)

Göründüyü kimi, rəsmi Kiyev danışıqlar masasında güzəşt etməli olan tərəfdən diqtə edən dövlətə çevrilməyin planlarını qurmağa başlayıb. Belə anlaşılır ki, rəsmi Kiyev ABŞ və Qərbdən savaşın davam etdirilməsi və üstünlüyün qazanılması üçün vacib olan həm hərbi, həm də maliyyə dəstəyini artıq alıb. Rusiyaya qarşı beynəlxalq sanksiyaların artırılmasında xüsusi rol oynayan Böyük Britaniyanın baş naziri Boris Consonun prezident Volodimir Zelenski ilə Kiyev küçələrini sərbəst şəkildə gəzməsindən sonra Ukraynanın özünə əminliyi daha da artıb.

Maraqlıdır ki, Rusiya Avropadakı ən yaxın tərəfdaşı olan Almaniyanın da loyal mövqeyini artıq itirib. Keçmiş konsler Angela Merkel dönəmində Rusiyadan enerji asılılığı vəziyyətinə salınmış Almaniya indi Kremlə qarşı sərt mövqe tutan beynəlxalq düşərgəyə doğru meyllənməyə başlayıb. Hətta Almaniyanın yeni kansleri Olaf Şoltz Rusiya prezidenti Vladimir Putinə qarşı ağır ittihamlar da səsləndirir: “Putin sən Rusiyanın gələcəyini məhv edirsən”.

Belə anlaşılır ki, ABŞ və Qərb Ukraynada “savaş bataqlığı”na saldığı Rusiyanı elə də asanlıqla əlindən buraxmaq niyyətində deyil. Bütün planların Rusiyanın “savaş bataqlığı”nda tamamilə “batırılması” üzərində qurulduğu müşahidə edilir. Yəni, Rusiyanın “qələmini qırıblar”. İndi savaşı uzatmaqla, verilən hökmün tədricən, yəni, yaxın bir neçə il ərzində icrasına, Rusiyanın sonunun gətirilməsinə çalışırlar.


“Yeni Müsavat” 

loading...
Diaspora