İstanbul bələdiyyətinin nəqliyyat strukturu olan İETT ölkədə günəş enerjisi ilə çalışan ilk avtobusun təqdimatını keçirib.
İKT.lent.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, İETT nümayəndəsi Fatmanur Yılmaz jurnalistlərə açıqlamasında Türkiyədə ilk dəfə günəş enerjisi ilə işləyən ictimai nəqliyyat vasitəsinin istifadəyə verildiyini söyləyib: “Məqsədimiz ekoloji təmiz və alternativ yanacaqdan istifadənin mümkünlüyünü göstərmək, qlobal istiləşməyə səbəb olan zərərli qazların atmosferə buraxılmasının qarşısını almaqdır”.
Günəş panellərindən əldə olunacaq elektrik sayəsində avtobusların texniki və yanacaq xərclərini azaldacağını deyən bələdiyyə məmuru, pilot layihə kimi istehsal olunan ilk avtobusun İstanbul daxilində hərəkət edəcəyini və özünü təsdiq etməsi halında, digər avtobuslarda da anoloji sistemin quraşdırılacağını bildirib.
Mətbuat konfransından sonra avtobus İstanbulun Eminönü məhəlləsi istiqamətində hərəkətə başlayıb.