Mina qurbanı Tamam Yaralıdan QADINLARIMIZA ÇAĞIRIŞ: - “Minatəmizləmə işinə DƏSTƏK OLAQ!”

Mina qurbanı Tamam Yaralıdan QADINLARIMIZA ÇAĞIRIŞ: - “Minatəmizləmə işinə  DƏSTƏK OLAQ!” backend

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günüdür. Bu gün ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin mütəmadi olaraq davam etdirilməsinə çağırışdır.

Xatırladaq ki, Azərbaycan dünyanın minadan ən çox əziyyət çəkən 10 ölkəsindən biridir. Birinci Qarabağ müharibəsində 3000 nəfər, İkinci Qarabağ müharibəsində isə son il yarım müddətində 200 nəfər minanın qurbanı olub.

Bu ərəfədə, 31 mart – 1 aprel tarixlərində Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda mina problemi müzakirə edildi. ANAMA və BMT-nin İnkişaf Proqramı tərəfindən keçirilən, dünyanın 30 ölkəsindən 120-dək nümayəndənin qatıldığı konfransda 3 nəfər mina qurbanı da iştirak edib. Onlardan biri 1997-ci ildə mina partlaması nəticəsində ayağını itirən Tamam Cəfərova olub. Hələ gənc yaşında mina faciəsini yaşayan biri kimi o, Azərbaycanın bu probleminin həllində qadınlarımızın da rol oynaya biləcəyinə inandığını üçün onlara müraciət edib.

Qadın həyatdır... - Minanın məhv etdiyi qadın həyatı

1976-cı ildə Tovuz rayonunun Qoşa kəndində anadan olan Tamam Cəfərova ailənin 5 övladından ikincisidir.

O gün..

1997-ci ilin iyulun 7-də ailəsi Tamamın 21 yaşını qeyd edir. Səhərisi isə...

“Ermənilər kəndimizin  mal-qarasını aparmışdı. Bir inək almışdıq, atam onun haqqını ödəmək üçün usta işləyirdi. Balaca qardaş və bacımla inəyin dalınca gedərkən örüş sahəsində minaya düşdüm”

Tamamın sol ayağını mina elə həmin an aparır. Sağ ayağı və sağ qolu yanır. “Sonradan gözlərimdə çəplik əmələ gəldi, sağ qolumda zədələr, böyük çapıqlar və qəlpələr hələ də qalıb. Məktəbdə uşaq təşkilatının sədri idim. Minaya düşəndən sonra bir il də işlədim, sonra çıxartdılar. Protezim dövlət tərəfindən təmin ediir, reabilitasiyalara gedirəm. Ailə qurmamışam, valideynlərim rəhmətə gedəndən sonra rayonda qardaşımla yaşayıram. Bu gün minalarla bağlı beynalxalq konfrans da iştirak edib, onun vasitəsilə səsimizi bütün dünyaya çatdırmaq mənim qarşıma qoyduğum ən vacib məsələdir.

“Sonunu düşünən qəhrəman olmaz!”

Bu ifadəni mina qurbanı Tamam Cəfərova özü üçün şüar edib. “Yaralı” təxəllüsü ilə yazdığı şerlərini ağ kətan üzərinə ilmə ataraq həkk edən Tamamın Bakıda sərgiləri baş tutur. Tovuzda əlillər günü ilə əlaqədar icra başçısı tərəfindən sərgisi də keçirilib. Müxtəlif növ əl işlərini sərgiyə çıxarmaqla xoşbəxt olsa da sağalmaz yarası var Tamamın...

“Aslanın erkəyi, dişisi olmaz”

Tamam xanımın sözlərinə görə, ötən həftə iştirakçısı olduğu beynəlxalq konfransda xarici qonaqlar, səfirlər minatəmizləməyə qadınların dəstəyi məsələsinə toxunublar. “Biz türk qadınları tarix boyu at belində çapmaq, ox atmaq, qılınc çalmaqda ad çıxarmışıq. Mən minadan zərərçəkən bir qadın kimi Azərbaycan qadınlarını bu sahədə qardaşlarımıza, igidlərimizə kömək etməyə çağırıram. Minanı çıxarmağı bacaran cəngavər qızlarımız çoxdur, mən sağlamlığımla bağlı bunu bacarmasam da gedib orda yemək bişirərəm, sizə şer deyərəm ilhamlanarsız. Bu içimdə qubar bağlamış bir istəkdir”.

Konfransın gözəl keçdiyini vurğulayan Tamam xanım mina təhlükəsi probleminin daima diqqətdə saxlanmalı olduğunu deyir.

“Minanın səssizliyi gürzə ilana bənzəyir. Üstündə yatan daşı qaldırdınsa o ilan mütləq səni çalmalıdır, mina da belədir. Kim deyirsə ki, hardasa mina yoxdur, o yalan deyir. Mina hər yerdə ola bilər, ondan heç kim sığortalanmayıb”.

O, həmçinin xalqımıza, sərhəd bölgəsində yaşayan və o ərazilərə səfər edən insanlarımıza çağırış da edib. Onları daha diqqətli olmağa çağırıb.

“Mina faciəsini yaşamış biri kimi deyirəm ki, tanımadığınız, bələd olmadığınız ərazilərə getməyin! Bir addım bir həyatı məhv edir, şikəst edir. Bir insanı öldürsə nə var?! Mən bir ayağımı itirmişəm, ancaq bütün doğmalarım əzab çəkir. Getməyi, qardaş-bacılarım, anaları gözü yaşlı qoymayın, bu onlara bir ömür boyu göz dağı olur. İnsan ömrü boyu valideynin, valideyn də onun üzünə baxanda xəcalət çəkir. Mina heç kimi tanımır. O bir kabusdudur, heç kəsə acımır. Nə qədər insanımız mina qurbanı olub... Məndən bir az sonra bir əsgər də həmin yerdə minaya düşdü. Nə qədər mal-qaramız minaya düşüb. Bu müharibə bizim əksər ailələrimizə böyük zərbə vurub. Azərbaycanın hər yerində kiçiyindən böyüyünə qədər, Füzulidə Zəhra, Gəncədə körpələr, gözü yaşlı analar, valideynlər bu müharibədən əziyyət çəkib və onun fəsadları hələ də davam edir. Biz dünya ictimaiyyətinə səsimi çatdırmalıyıq. Buradan dünyaya səslənirəm minanın istehsalı dayandırın! Həyatları məhv etməyin!”

Sonda Tamam Cəfərova BAMF-ın regionlarda həyata keçirdiyi mina təhlükəsizliyinə dair marifləndirici PSTM layihəsi haqda, onun əhəmiyyətindən də danışıb.

“Bu işdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun işi, onun maarifləndirmə işləri neçə-neçə insan həyatını xilas edir, onlara bu işdə daha diqqətli və məsuliyyətli olmasına sövq edir. Mən bacardığım qədər bu tədbirlərdə iştirak edirəm. Düşünürəm ki, bu sahədə BAMF-da dəstək ola bilərəm”.

Qeyd edək ki, “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə BAMF tərəfindən həyata keçirilir. Maarifləndirmə layihəsinin həyata keçirilməsində məqsəd mina və digər partlayıcı sursatların təsirinə məruz qalan və ya qalması ehtimal olunan sakinlərin mina problemi barədə məlumatlılıq səviyyəsinin artırılması, onları təhlükəsiz davranışa təşviq etməklə risklərin azaldılmasıdır.

Diaspora