Bu gün Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilir.
Eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçiriləcəyini elan edib.
Beləliklə, seçicilər səkkiz namizəddən hansının növbəti beş il ərzində ölkəyə rəhbərlik edəcəyini, həmçinin dörd il müddətinə Milli Assambleyanın (parlamentin), Belqrad Şəhər Şurasının və 12 bələdiyyənin deputatlarını seçməli olacaqlar.
Səsvermələrdə seçki hüququ olan 6 milyon 502 min 307 vətəndaş iştirak edə biləcək. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) açılacaq və saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq.
Respublika Seçki Komissiyasının məlumatına görə, Serbiyada və xaricdə ümumilikdə 8 255 seçki məntəqəsi açılacaq.
Report.az