Qara dənizin NATO üçün strateji önəmi böyükdür.
Apa xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun 2021-ci il üçün hesabatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, NATO müttəfiqləri - Bolqarıstan, Rumıniya və Türkiyə Qara dəniz sahili ölkələrdir, həmçinin NATO tərəfdaşları Gürcüstan və Ukrayna da Qara dəniz sahilində yerləşir.
“Qara dəniz və buradakı Ukrayna limanlarının dünya ölkələrinə qida ixracında oynadığı rol hər kəsə bəllidir. Ona görə də Rusiyanın Ukrayna limanlarını blokadaya alması yalnız Ukrayna üçün böyük problem deyil, həmçinin dünya üçün ciddi problemdir. Bu problem dünyada ərzaq qiymətlərinin artımını tətikləyir. Rusiyanın bu blokadanı dərhal aradan qaldırması və Ukraynanın taxıl ixracına imkan verməsi vacibdir”, - Yens Stoltenberq vurğulayıb.
O qeyd edib ki, NATO müttəfiqləri Qara dənizdəki vəziyyəti yaxından izləyir.