"Taliban" hərbçilərin smartfondan istifadəsini qadağan etdi

"Taliban" hərbçilərin smartfondan istifadəsini qadağan etdi backend

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı bütün hərbi korpus, briqada və bölmələrdə hərbi qulluqçuların smartfonlardan istifadəsinə qadağa qoyub.

AzVision.az xəbər verir ki, bu barədə müvəqqəti hökumətdə Milli Müdafiə Nazirliyinə rəhbərlik edən Məhəmməd Yakub deyib.

"Hərbi korpus, briqada və bölmələrdəki hərbçilərin əksəriyyəti smartfonlardan istifadə edir ki, bu da vaxt itkisi ilə yanaşı onların psixikasına və ümumi səfərbərlik səviyyəsinə mənfi təsir göstərir", - o bildirib.

Əlavə edib ki, zərurət yaranarsa, Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin operativ komandanlığının təmin edilməsinə cavabdeh olan yüksək rütbəli zabitlərin – Baş Qərargah rəisinin, Baş Qərargah rəisinin birinci müavininin, eləcə də hərbi korpus, briqada və hissələrin komandirlərinin smartfonlardan istifadəsinə icazə verəcək.

Qeyd edək ki, ABŞ-ın 2021-ci ilin yazında silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etməsindən sonra “Taliban” Əfqanıstan üzərində nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə “Taliban” döyüşsüz paytaxt Kabilə daxil olub, bundan sonra prezident Əşrəf Qani respublikanı tərk edib.

Həmin il sentyabrın 6-da taliblər bütün Əfqanıstan ərazisi üzərində nəzarətin qurulduğunu elan ediblər, sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar.

Diaspora