Avqustun 19-da Yaponiyada beynəlxalq kosmik stansiyaya (BKS) yönələn “Konotori” (“Leylək”) pilotsuz kosmik gəmisi uğurla orbitə buraxılıb. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) məlumatına görə, buraxılış zamanı heç bir ştatdankənar vəziyyət qeydə alınmayıb.
H2-B raketdaşıyıcısının buraxılışı yerli vaxtla 20:50 dəqiqədə Taneqaşima kosmodromundan həyata keçirilib. Kosmik gəminin buraxılışı əvvəlcə avqustun 16-a planlaşdırılsa da hava şəraitinin əlverişsiz olması səbəbindən bu tarix iki dəfə dəyişdirilib.
Kosmik gəminin buraxılışını hazırda BKS-də olan yapon astronavt Kimiya Yui canlı olaraq izləyib. JAXA-nın startöncəsi yayımladığı videomüraciətdə o deyib: “Buraxılışın uğurlu olması üçün çox həyəcanlıyam”.
Yeni gəmi olan “Konotori” iyulun ortalarında ictimaiyyətə təqdim olunub və beşinci sıra nömrəsi alıb. Onun uzunluğu 10, diametri isə 4 metr təşkil edir. Bu gəmi BKS-yə çəkisi 5,5 ton olan irihəcmli yük çatdırmağa qadirdir. Əvvəllər də kosmosa dörd belə aparat göndərilib və onların hamısı missiyasını uğurla yerinə yetirib.
“Konotori” yalnız bir dəfə istifadə edilən kosmik gəmidir. O stansiyaya lazım olan ehtiyatı çatdırmağa və oradakı tullantını götürməyə qadirdir. Gəmi geri qayıdarkən atmosferin qalın qatlarında yanaraq məhv olur.