Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 200 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1 178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 71 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.