Rusiya Federal Miqrasiya Xidməti (FMX) ölkədə müvəqqəti yaşamaq hüququ əldə etmək niyyətində olan miqrantları 100 ballıq sistem üzrə qiymətləndirməyi təklif edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeni qaydaya əsasən, Rusiyada müvəqqəti yaşamaq hüququna 65 və daha çox bal toplamış miqrantlar iddia edə biləcək.Təklifə əsasən, əcnəbilərin seçimi aşağıdakı meyarlar əsasında həyata keçiriləcək: yaş, təhsil və alimlik dərəcəsi, əmək stajı, Rusiyada qohumlarının və mülkiyyətində mənzilin olması, habelə, rus dilini bilmə səviyyəsi. Həmçinin, miqrantın Rusiyada işlədiyi müddətin də nəzərə alınacağı gözlənilir.
Məlumata görə, keçid bala nail olmaq üçün əmək qabiliyyətli yaşda olan namizədə orta təhsil, rus dilini baza səviyyəsində bilmək və Rusiyada azı 5 il fəaliyyət kifayətdir.
Bundan əvvəl Rusiya Federal Miqrasiya Xidmətinin 2015-ci ildə 3,4 mln miqrantın rus dili, Rusiyanın tarixi və qanunvericiliyi üzrə bilik səviyyəsini yoxlamaq niyyətində olduğu bildirilmişdi.