Türkiyənin Diyarbəkr vilayətində polis səhər saatlarında bir neçə ünvanda əməliyyat keçirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda Sur bələdiyyəsinin həmsədrləri Seyid Narın və Fatma Şık Barut, Silvan bələdiyyəsinin həmsədrləri Yüksel Bodakçı və Melikşah Teke saxlanılıb.
Qeyd edək ki, Demokratik Bölgələr Partiyasını (DBP) təmsil edən sözügedən şəxslər avqustun 15-də bölgədə “özünüidarə sistemi” elan edib. Bundan başqa, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Əminə Aynanın rəhbəri olduğu və PKK-ya yaxın DBP Şırnak vilayətində “muxtariyyət” elan edərək “Xalq məclisi” qurub. Partiya məhkəmə, prokurorluq və polis kimi dövlət təşkilatlarını tanımadığını açıqlayıb. 11 iyul 2014-cü ildə qurulan və İdarə Heyətinin üzvləri arasında PKK terror təşkilatının həbsdə olan lideri Abdulah Öcalanın bacısı qızı 27 yaşlı Dilək Öcalanın da olduğu partiya rəsmi olaraq üsyan bayrağını qaldırıb. Şırnak bələdiyyə başçısı Serhat Kadırhanın da qərarı dəstəklədiyi bildirilir. Partiyanın Şırnak üzrə başçısı Saleh Gülenç dövlətin şəhərdəki bütün təşkilatların etibarını itirdiyini deyib. Tunceli-Ərzincan avtomobil yolunda “Azad Kürdüstan” plakatı açan terrorçular yolu kəsərək avtomobilləri saxlayır, vətəndaşların şəxsiyyət vəsiqələrini yoxlayırlar.Türkiyə mediasının yazıdğına görə, PKK-nın bu bölgələrdə genişlənməsində DBP-li bələdiyyə başçıları müstəsna rol oynayır. Partiyanın idarə etdiyi bələdiyyələr PKK terror təşkilatının qərargahına çevrilib. “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ölkənin cənubi-şərq vilayətlərində 102 bələdiyyəyə sahib olan DBP bəzi mahalların girişlərinə xəndək qazaraq PKK-nın muxtariyyət elan etməsinə məntiqi dəstəyi təmin edir.
Nəşrin yazdığına görə, terror aktlarında istifadə olunacaq partlayıcı maddələr və silahlar bələdiyyə binalarında hazırlanır və bu binalardan sığınacaq kimi istifadə edilir. Terror təşkilatının yol kəsmə, xərac toplama, sui-qəsd kimi terror fəaliyyətlərinə qatılan terrorçuların da, bələdiyyə idarələrində çalışdığı deyilir.