Şimali Atlantika Alyansı soyuq müharibə dövrü başa çatandan bəri ilk dəfə olaraq Avropada hava-desant qüvvələrinin genışmiqyaslı təlimlərinə başlayıb.
AZƏRTAC “Salzburg24” portalına istinadla xəbər verir ki, təlimlər barədə açıqlamanı ABŞ-ın Quru Qoşunları komandanlığı yayıb. Bildirilir ki, “İti cavab-15”(Swift Response 15) adlı təlimlərə Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, ABŞ və Fransanın ümumilikdə 4,8 min hərbi personalı qatılıb.
NATO 1990-cı ildən sonra ilk dəfədir ki, Avropa qitəsində bu səpkidə hava-desant qüvvələrinin birgə hazırlıq təlimini keçirir. Genişmiqyaslı hərbi tədbirin kulminasiya hissəsi avqustun 26-na təsadüf edəcək. Həmin gün Almaniyanın Hohenfels və Bolqarıstanın Novo Selo poliqonlarında paraşütçülərin tullanışı nümayiş olunacaq.