BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres qaçqınların qəbulu işində Almaniyanı dəstəkləyəcəyini vəd edib. Almaniyanın “Die Welt” nəşrinin saytı avqustun 18-də A.Qutyerresin bu sözlərini sitat gətirib: “Biz başqa Avropa ölkələrinin çiyninə də məsuliyyət qoymalıyıq”. A.Qutyerres əmindir ki, Aİ-nin yalnız iki ölkəsinin - ən yaxşı infrastruktura malik Almaniyanın və İsveçin daha çox qaçqın qəbul etmələri uzunmüddətli perspektivdə yolverilməzdir.
Bu arada Almaniyanın Miqrantların və Qaçqınların İşləri üzrə Federal İdarəsi ölkəyə gəlib sığınacaq istəyənlərin sayı haqqında proqnozu xeyli artırıb. Almaniyada çıxan “Handelsblatt” qəzeti hökumət dairələrindəki mənbələrə istinadla xəbər verir ki, yeni məlumatlara görə, bu il AFR 650 mindən 750 minədək qaçqın qəbul edə bilər. AFR-in daxili işlər naziri Tomas de Mezyer daha əvvəl bildirib ki, 2015-ci ildə Almaniya qaçqın axınının ciddi şəkildə artacağını gözləməlidir.