ABŞ Konqresində çıxış edən prezident Co Bayden deyib ki, Putin altı gün əvvəl azad dünyanın təməllərini sarsıtmağa qərar verib. Amma o, ağlına belə gətirə bilmədiyi divara çırpıldı. Söhbət Ukrayna xalqından gedir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinin dünyadan təcrid olunmağından və digər məqamlardan danışıb:
"Prezident Zelenski, ukraynalılar - siz bütün dünyanı ruhlandırırsınız. Ukraynalı tələbələr, müəllimlər - hamısı əsgərə çevriliblər. Zelenski BMT-də çıxış edərək deyib: "İşıq qaranlığı məğlub edəcək".
Bəli, biz ABŞ Ukrayna xalqı ilə yan-yana dayanırıq. Biz tarixin dərslərini bilirik: diktator dayandırılmasa, o, daha irəli gedir", - Bayden əlavə edib.
O, Ukraynaya hücumun əsassız olduğunu vurğulayıb.
“Putin tarixdə heç vaxt olmadığı qədər dünyadan təcrid olunub.Biz müttəfiqlərimizlə birlikdə güclü iqtisadi sanksiyalara əl atırıq, bu, Putinin hərbi fondunu tamamilə mənasız edir.
Mən bu gün Putinə və bu rejim nəticəsində milyardlarla dollar oğurlayan rus oliqarxlarına deyirəm - biz buna son qoyuruq. Onların lüks suitləri, yaxtaları, təyyarələri və hesablarına həbs qoyacağıq. Bu gündən etibarən Rusiyadan bütün uçuşları dayandırırıq. Və buna görə yalnız Putin məsuliyyət daşıyır”, - Bayden bildirib.
O əlavə edib ki, ABŞ Ukraynanı azadlıq mübarizəsində dəstəkləyir. Söhbət iqtisadi, humanitar, hərbi yardımdan gedir.
“Bizim qoşunlarımız Ukraynada döyüşməyəcək, lakin ABŞ əlimizdə olan hər vasitə ilə NATO ərazisinin hər qarışını müdafiə edəcək.
Biz aydın başa düşürük ki, ukraynalılar cəsarət göstərirlər, lakin qarşıdakı günlər onlar üçün çətin olacaq. Qoy Putin irəli getsin, Ukrayna xalqı öz azadlığından və 30 illik müstəqilliyindən əl çəkməyəcək”, - Amerika dövlətinin başçısı bildirib.
"Bizi sınaqdan keçiririk, lakin Ukrayna xalqının dəmir iradəsi öhdəsindən gəlməyə kömək edəcək. Putin öz tankları ilə Kiyevi mühasirəyə alsa da, o, Ukrayna xalqının qəlbinə və ruhuna, azadlıq eşqinə qalib gələ bilməz. O, heç vaxt azad dünyanın qətiyyətini sarsıtmaqla uğur qazana bilməyəcək”, - Bayden fikrini yekunlaşdırıb.