Argentinada çıxan “Telam” qəzeti yazır ki, Braziliyada hökumət əleyhinə kütləvi nümayişlər keçirilir
Bu il artıq üçüncü dəfə etiraz aksiyasına qalxan nümayişçilər Braziliya administrasiyasının iqtisadiyyatı adekvat olmayan üsullarla idarə etməsindən narazıdırlar. Onlar dövlətə məxsus “Petrobraz” neft-qaz şirkəti ətrafında korrupsiya qalmaqalı işində şəffaflıq tələb edirlər. “Petrobraz” dövlət sifarişləri almaq müqabilində siyasi kampaniyalara ianə verməkdə ittiham olunur. Nümayişçilər Prezident Dilma Rusefin və onun hakim “Əməkçilər Partiyası”nın üzvlərindən ibarət kabinetinin istefasını tələb edirlər.Paytaxt Brazilia şəhərini, 24 ştatın ( Braziliyanın 27 ştatı var) paytaxtlarını nümayiş dalğası bürüyüb. “Telam”ın yazdığına görə, etiraz aksiyalarında 265 mindən 400 minədək adam iştirak edir. Nümayişçilər üzərində “Dilma, istefa ver!”, “Əməkçilər Partiyası, rədd ol!” sözləri yazılmış plakatlar tutublar. Onlar ölkənin əvvəlki prezidenti Lulu da Silvanı da korrupsiya qalmaqalında ittiham edirlər. Son sorğuların nəticələrinə görə, braziliyalıların yalnız 8 faizi Prezident D.Rusefin administrasiyasını dəstəkləyir, 71 faizi ölkə iqtisadiyyatının necə idarə olunmasından narazıdır, 66 faizi ölkə Prezidentinin istefasını tələb edir.