Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan Turan cəmiyyətinin təşkilatçılığı ilə "Əcdadlar günü" keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu ilki "Əcdadlar günü" gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır və macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi güdür.
Tarixi-bədii şou kimi düşünülən "Əcdadlar günü"nün açılış mərasimində Macarıstan Parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan Turan cəmiyyətinin prezidenti Andraş Biro, Macarıstandakı Türkiyə səfiri Şakir Fakılı, Qazaxıstan səfiri Nurbax Rüstəmov, Azərbaycan səfiri Vilayət Quliyev, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.