"Putin üçün narahatlıq yeni sakitlik deməkdir"
Qərb, nəhayət, Putinin, "əslində", nəyə nail olduğunu anlayıb, "Bloomberg" yazır. Cavab "aldadıcı dərəcədə sadədir"- o, narahatlıq yaratmaq istəyir, məqalə müəllifi Klara Ferreyra Markes iddia edir.
Onun sözlərinə görə, Putinin "əsəb savaşı"nı davam etməyə "bütün əsasları" var, lakin Qərb tərəfindən müharibə təbliğatı haqqında o, susmağa üstünlük verib.
Ukrayna böhranı bitməyib, amma Kreml qeyri-müəyyənlik yaradır və onun buna dəhşətli dərəcədə ehtiyacı var.
Bir-neçə gün öncə adama elə gəlirdi ki, budur, Vladimir Putin Ukrayna sərhədlərində130 min hərbi qulluqçusunu cəmləşdirərək bu ölkəyə qarşı ağlasığmaz nəsə törədəcək. Səfirliklər öz əməkdaşlarını Kiyevdən çıxarıb, Vaşinqton isə qaçılmaz təhlükə haqqında xəbərdarlıq etməyə başlayıb. İndi budur, Rusiya lideri özünə vacib görkəm verərək, diplomatik səylərə və təmaslara girişib. Dövlət televiziyası tankların guya öz bazalarına dönməsini göstərir, "ağıllı başlar" isə tok- şoularda Qərbin yaxınlaşan hücumu barədə məlumatları məsxərəyə qoyur və bunu isterika adlandırır. Kremlin mətbuat katibi zarafatla ukraynalılara tamaşanı qaçırmamaq üçün zəngli saatlarını qurmağı təklif edib.
Böhran çətin ki, sovuşub. Amma bundan sonra nə baş verməsindən asılı olmayaraq, Putin qeyri-müəyyənlikdə və aldatmaqda "master-klass" (ustad dərsləri) göstərib. O, gərginlik yaradıb və bunun qalmasında maraqlıdır. Heç demə hər yerdə Putinin, əslində, nə istədiyi barədə səsləndirilən sualın cavabı aldadıcı dərəcədə sadədir: o, narahatlıq yaratmaq istəyir.
Belə strateji qeyri-müəyyənlik bu həftə özünü tam çılpaqlığı ilə nümayiş etdirib.
Putin Almaniya kansleri Olaf Şoltsla görüşüb. Rusiya rəhbəri elan edib ki, cari böhranı "elə indi, dərhal, danışıqlar yolu və dinc vasitələrlə" həll etmək istəyir. Lakin o, eyni zamanda Ukraynanın qondarma rusiyayönümlü qurumlarında hərəkətlərini pisləyib və onları "soyqırım" adlandırıb. Elə həmin gün Rusiya parlamentinin aşağı palatası Putinə Donetsk və Luqansk "xalq respublikaları"nın tanınmasını təklif edib. "Xalq"ın bu tələbi açıq təxribata bənzəyir və Minsk razılaşmalarını sarsıdır. Hələlik bu məsələ təxirə salınıb.
Şok yaratmaq putinizmin son zamanlarda səciyyəvi xüsusiyyətinə çevrilib. Bu sistem həm ölkə içində, həm də xaricdə daimi qeyri-müəyyənliyi tələb edir, hiylə və dezinformasiyaya əsaslanır.
Son həftələr və aylarda sərgilənən qeyri-ortodoksal diplomatiya çoxsaylı risklər yaratsa da, onun faydaları aydındır. Belə siyasət narahatlıq və əsas məsələlərdə çaşqınlıq yaradır. Bu diplomatiya ABŞ-a öz diqqətini başqa şeyə yönəltməyə imkan vermir. O, dünya birliyini daima Putinin incikliklərinə və iddialarına diqqət yetirməyə vadar edir. Rusiyaya isə beynəlxalq aləmdə özünə layiq olmayan geosiyasi yer tutmağa imkan yaradır.
Kreml təbliğatçıları artıq bu istiqamətdə öz qələbəsini bəyan edir. Xarici işlər naziri Sergey Lavrov deyib: "Aydındır ki bizim təhlükəsizlik zəmanətləri üzrə təşəbbüslərimiz Qərb həmkarlarımızı silkələyib,- o, Putinə deyib. - və Qərb daha bizim əvvəlki çoxsaylı müraciətlərimizi görməzdən gələ bilməz".
Bu, Rusiya lideri üçün vacibdir, ona görə ki, Ukraynadan narazılıq və "soyuq müharibə"dən sonra yaranan dünya düzəni onun üçün dərin şəxsi xarakter daşıyır.
Putinin sərgilədiyi davranışların yalnız diqqəti daxili problemlərdən yayındırmağa hesablandığını iddia etmək sadəlövhlük olardı. Hərçənd bu amili də inkar etmək olmaz.
Rusiya tok-şoularında tamaşaçılara təlqin edilir ki, "onlar bizim əleyhimizədir", Qərb gərginliyi artırır, hərbi psixoz yaradır. Belə təəssürat yaradılır ki, sənə hücum edilir və belə bir şəraitdə yalnız Putin milləti xilas edə bilər. Cəsarətlənmiş
Kreml müxalifətin qalıqları üzərində nəzarəti daha da sərtləşdirir, guya xaricdən dəstək alan düşmənlərin ağzını yumur.
Təkbaşına liderlərin hakimiiyyəti hüdudsuzdur. Ona görə də belə avantüralara gedirlər. Onlar öz imkanlarını həddən artıq şişirdir, düşmənlərin imkanlarını isə yetərincə qiymətləndirməyi bacarmır. Putin də istisna deyil. O, özünü təcrid edib və öz müasirləşdirilmiş ordusuna həddən artıq inanmaqdadır.
Fəqət, özünü küncə sıxışdıraraq, o, yəqin düşünür ki, qeyri-müəyyənlik yaxşı nəticədir. Ona görə də Kremlin "əsəb savaşı"nı davam etməyə bütün əsasları vardır. Qərb isə saksiyalarla və tarazlığı qoruyanların məsləhətləri ilə silahlanaraq, belə vəziyyətin öhdəsindən gəlməyi öyrənməlidir. (moderator.az)
Müəllif: Klara Fereyra Markes (Clara Ferreira Marques)