Yaponiyada İmperator Akihitonun və İmperatriça Miçikonun nəvəsi şahzadə Kakoya təhdidedici məktublar göndərən şəxs həbs olunub. Yerli kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, məktublar şahzadənin təhsil aldığı Beynəlxalq Xristian Universitetinə göndərilib.
İlkin məlumatlara görə, saxlanılan 33 yaşlı kişi günahını etiraf edib. O, tabeliyində olan işçilərdən birini “əzmək” üçün konvertə onun vizit kartını qoyduğunu bildirib. Məktubda, həmçinin şahzadəyə ünvanlanan təhdidlər də yer alıb.
Bu, şahzadə Kakoya ünvanlanan heç də birinci təhdid deyil. Cari ilin mayında polis İmperator ailəsinin mühafizəsini gücləndirmək barədə internetə məlumat yerləşdirmiş 43 yaşlı bir kişini saxlamışdı. Bu xəbərdarlıqla bağlı nəticənin sürətlə yayıldığını görən həmin şəxs özü hüquq mühafizə orqanlarına təslim olmuşdu.
Şahzadə Kako Beynəlxalq Xristian Universitetində cari ilin aprelindən təhsil alır. Həmin vaxt birinci kursa qəbul olanlarla görüşə qatılmış 20 yaşlı bu utancaq xanımın şəkillərini, demək olar ki, bütün mərkəzi kanallar göstərmişdi.