Türkiyənin baş naziri Əhməd Davudoğlu dini azlıqların təmsilçilər ilə növbəti görüş keçirib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu 4 saat davam edən görüşdə Osmanlı İmperiyasının dövründə ermənilərin köçürülməsinin 100-cü ildönümü və Türkiyə-Ermənistan münasibətlərinə dair sualları da cavablandırıb.“Ermənilərin yaşadığı acıları hiss edirik. Biz acılar və azadlıqları arasında bir iyerarxiya yaradılmasını arzu etmirik. Erməni diasporunu qətiyyən düşmən kimi görmürük, onlar bizim diasporamızdır”, - deyə baş nazir söyləyib. O, Çanaqqala müharibəsinin 100 illiyinin niyə məhz 24 aprel tarixində qeyd olunacağı barədə suala belə cavab verib: “Biz həmişə 18 martda qeyd edirdik. Lakin qarşı tərəf – anzaklar (avstraliyalılar və yeni zelandiyalılar – APA.) 24 martda qeyd edir. Biz 100-cü ildönümü birlikdə anmaq üçün bu tarixi seçdik”.
Ə. Davudoğlu Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə də toxunub: “Ermənistan Qarabağdakı bircə rayondan geri çəkilsəydi, sərhədi açacaqdıq. Amma bu, olmadı. Bir nümunəni xatırlatmaq istərdim, Ərbil bu gün Bağdaddan daha zəngindir, çünki Türkiyə ilə birbaşa iqtisadi əlaqələri var. Ermənistanla da bənzər bir proses başlasa, Türkiyə Ermənistanı uçurar. Yunanıstan və Ermənistan bəzən “Türkiyə gücsüz duruma düşdüyü zaman bizin tələblərimizi qəbul edəcək” gözləntisi ilə hərəkət edir. Lakin görürlər ki, Türkiyə o gözlədikləri duruma düşmür və düşməyəcək”.
Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında baxılan Doğu Perinçəkin işi ilə bağlı sualı da cavablandıran Ə. Davudoğlu bildirib ki, bu məsələyə söz azadlığı prizmasından yanaşır: “Məsələn, bir erməni gəlib Türkiyədə “soyqırım olub” deyə bilməlidir. Bir başqası da dünyanın hər hansı yerində “soyqırım olmayıb” deyə bilməlidir. Doğu Perinçək, bildiyiniz kimi, bizim yan yana ola biləcəyimiz biri deyil. Biz bu məsələyə söz azadlığı baxımından yanaşırıq”.