Qərb rəsmi Bakıdan xahiş edir:"Gəlməklərini əngəlləyin...” Siyasi mühacirlər (o cümlədən qaçqınlar) məsələsi Avropanın ən ciddi problemlərindən birinə çevrilib. Bu problemdə Azərbaycanın da kiçik “payı” var. Azərbaycandan mühacir axını 2003-cü ildən vüsət alıb və bu proses 2005-ci ilin sonunadək davam edib.
Bundan sonra siyasi mühacir axınında nisbətən stabillik yaranıb. Amma 2014-cü ildən Avropaya axın statistikası yenidən artıb. Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayında kəskin artım baş verib. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya üz tutmağa daha çox üstünlük veriblər. Azərbaycanı son aylar tərk edərək Avropada mühacir statusu alan və ya almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir.Bir çox tanınmış və ölkənin ictimai həyatında fəal iştirak edən QHT rəhbərləri və jurnalistlər son aylar Avropanın müxtəlif ölkələrinə sığınıblar. Yeri gəlmişkən, bu dalğada Azərbaycanda hətta heç bir təhlükə obyekti olmayanlar da ölkədən çıxmağa başladılar.
Lent.az-ın “Yeni Müsavat” qəzetinə istinadən məlumatına görə, bu cür axın 2003-2005-ci illərlə müqayisə oluna bilər.
Son aylar mediada bəzi siyasi fəalların və jurnalistlərin sərhəddən buraxılmaması barədə xəbərlərə tez-tez rast gəlinir. Bəzi hallarda onlara hətta sərhəddən niyə buraxılmaması barədə ətraflı məlumat verilmir. Buna paralel olaraq Avropa Birliyi ölkələrinin Bakıdakı səfirliklərinin də viza almaq istəyən Azərbaycan vətəndaşlarının siyasi kimliyi, cəmiyyətdə tutduğu mövqe, xaricə niyə getmələri barədə yarım-məxfi araşdırma apardıqları barədə də xəbərlər var. Məhz bu araşdırmadan sonra müraciətlə bağlı qərar verilir. Ehtimallara görə, Qərb ölkələrinin səfirlikləri bu məsələdə rəsmi Bakı ilə birgə hərəkət edir və son aylarda viza üçün müraciət edən bəzi şəxslərə viza verməkdən imtina edilir. “Hazırda ölkədən çıxışına qadağa qoyulmuş ”potensial mühacir" statuslu minlərlə şəxs var" deyə, mənbə bildirib.
Xəbərin ən sensasion məqamı isə budur ki, hakimiyyət bu qadağını özü qoymayıb. Avropa Birliyi ölkələri hökumətdən xahiş edib ki, “potensial mühacirlərin siyahısında” səfirliklərə yardım etsinlər, Avropaya ikinci ölkələr üzərindən, xüsusilə Gürcüstandan getmək istəyənlərə isə xüsusi diqqət və nəzarət etsinlər. Qeyd olunur ki, “Dublin sazişi” ölkələri Azərbaycandakı siyasi mühacir axınından narahatdırlar və xüsusilə “yalançı mühacirlərin” qarşısını almaq üçün bu addımı atmağa məcbur olublar. Məlumat üçün deyək ki, “Dublin sazışı” siyasi sığınacaq üçün müraciət edən şəxslərin ərizələrinin bu sazişə daxil olan ölkələrdən biri tərəfindən nəzərdən keçirilməsini təmin edir.
Bu sensasion qadağa ilə bağlı mənbə onu da deyib ki, bu proses təkcə Azərbaycanda deyil, keçmiş sovet məkanında olan bütün ölkələrdə gedir, hətta Qafqazın demokratiya beşiyi hesab olunan Gürcüstanda da...
Məlumdur ki, Avropa hazırda böyük bir miqrant axını (xüsusilə Afrikadan) ilə üzləşib və bu problem artıq “köhnə qitə” ölkələrini ciddi narahat etməyə başlayıb. Bu ilin fevralında İsveçrədə mühacir referendumu keçirilib. Nəticələrə görə, respondentlərin 50 faizdən çoxu ölkəyə kənardan, o cümlədən Avropa İttifaqından mühacirlərin gəlişi şərtlərinin ağırlaşdırılmasına səs verib. “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş silahlı basqından sonra Fransada Avropa Birliyinə və mühacirlərə qarşı çıxışlar edən siyasi qüvvələrin mövqeləri güclənib. Almaniyada da mühacir axınına qarşı radikal çıxışların sayı artıb və hökumətdən sığınacaq alınması ilə bağlı qanunları sərtləşdirmək tələb olunur.
Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların ölkədə insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatlarını qərəzli hesab etsə də, Avropada siyasi sığınacaq alanlarla bağlı heç vaxt xüsusi narahatlıq keçirməyib. Siyasi sığınacaq siyasi olmaqla bərabər, həm də dünyanı bürüyən iqtisadi problemlərlə bağlıdır və bunun artım (ya da azalma) statistikasına görə, heç bir dövlət nə ittiham edilir, nə də xüsusi alqışlanır. Yəni fakt odur ki, qanunla problemi olmayanların və ya digər öhdəlikləri (məsələn külli-miqdarda bank borcu olanların) olmayan vətəndaşların ölkədən getmələrinə məqsədli şəkildə əngəl yaradılmır.
Bu səbəbdən də Azərbaycan sərhədində müxalifət fəallarına xüsusi nəzarət edilməsinin və bəzi şəxslərə “stop” işarəsi verilməsinin hakimiyyətin marağında olduğu inandırıcı deyildi. İndi bu qadağanın sirri açılır və belə məlum olur ki, Avropa Azərbaycan miqrantlarını, siyasi mühacirlərini istəmir...