ABŞ dövlət katibi Son Kerri avqustun 14-də ABŞ bayrağının Kubada açılan səfirliyin binası üzərində qaldırılması ilə bağlı təntənəli mərasimdə iştirak edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu tədbir ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpası prosesini yekunlaşdıracaq.
Con Kerri 1945-ci ildən bu vaxtadək Kubaya səfər etmiş ilk ABŞ Dövlət Departamentinin rəhbəri olacaq. Məlumata görə, ABŞ nümayəndə heyəti Ağ Ev aparatının əməkdaşları və ABŞ Konqresinin üzvlərindən - ümumilikdə, 20 nəfərdən ibarət olacaq.
Səfər proqramı iki böyük hissəyə bölünüb. Birinci hissə ABŞ bayrağının səfirliyin binası üzərində qaldırılması ilə bağlıdır. “Bu, əsasən, beynəlxalq tədbirdir. Tədbirdə Kuba hökumətinin nümayəndələri, ABŞ-ın bir neçə qurumunun əməkdaşları və Konqres üzvləri iştirak edəcək”, deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Rəsmi görüşlərə gəlincə Kerrinin Kuba XİN rəhbəri Bruni Rodriqes ilə görüşəcəyi planlaşdırılır. Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro ilə görüşün keçirilməsi planlaşdırılmır.