Əməliyyat yaxın aylarda həyata keçirilə bilər
ABŞ-ın Müdafiə Naziriliyi İraqda İŞİD-ə qarşı yeni yerüstü əməliyyatın başlanacağını istisna etmir.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Quru Qoşunlarının komandanı, general Reymond Odiyerno bəyan edib. O, həmçinin Rusiyanın hazırda ABŞ üçün dünyada ən təhlükəli ölkə olduğunu bildirib.
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri indi İraq ərazisində yerləşən İŞİD mövqelərinə mütamadi olaraq aviazərbələr endirməklə kifayətlənir. Ötən gecə ABŞ komandanlığı Türkiyə ərazisində yerləşən İncirlik bazasından uçuşların həyata keçirilməsi barədə məlumat yayıb. Əvvəllər sözü gedən baza yalnız pilotsuz uçan aparatların havaya buraxılması üçün istifadə olunub.
Odiyernonun fikrincə, yerüstü əməliyyat yaxın aylarda İŞİD-ə qarşı mübarizədə ciddi irəlləyişə nail olunmasa həyata keçirilə bilər. O, eyni zamanda, hərbi əməliyyatın regionun problemlərini həll etməyəcəyini vurğulayıb.
Reymond Odiyerno 2008-2010-cu illərdə İraqdaki Beynəlxalq Koalisiya Qüvvələrinərəhbərlik edib. Odiyerno 2011-ci ildə ABŞ qoşunlarının bu ölkədən çıxarılmasından sonra orada vəziyyətin inkişafından təəsüfləndiyini bildirib. Hazırda İraqda 3000 yaxın Amerika hərbçisi yerləşdirilib. Onlar əsas etibarilə yerli hərbi qulluqçulara məsləhətlər verməklə məşquldurlar. ABŞ Prezidenti Barak Obama quru qoşunların İraqa göndərilməyəcəyini dəfələrlə bəyan edib.