Praqadan Beyruta xüsusi nümayəndə heyəti yola düşüb. Livanda itkin düşmüş beş Çexiya vətəndaşı haqqında informasiya mübadiləsi və Çexiya xarici işlər naziri Lubomir Zaoralyokun Livana səfərinə hazırlıq işləri aparmalı olan bu nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yakub Kulqanyok, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəhbəri Robert Şlaxta və bir neçə polis zabiti daxildir.
Xatırladaq ki, Çexiyanın 5 vətəndaşı bu il iyulun 18-dən axtarılır. Livanlı müstəntiqlərin fikrincə, bu insanların yoxa çıxması mafiyanın fəaliyyəti, narkotik maddələr qaçaqmalçılığı və insan alveri ilə bağlıdır. Livan polisi Bekaa vadisində yerli nömrə nişanlı boş avtomobil aşkar edib. Bu avtomobildə Çexiyada verilmiş 5 xarici pasport, şəxsi əşyalar və pul olub. Çexiyalı vətəndaşlarla yanaşı, yerli taksi sürücüsü də yoxa çıxıb.
Livan KİV-lərinin yaydığı məlumata görə, naməlum silahlılar tərəfindən törədilmiş insan oğurluğu haqqında cinayət işi qaldırılıb. Çox güman ki, həmin silahlılar girovları Çexiyada polis tərəfindən həbs edilmiş Livan vətəndaşı Əli Fəyad ilə dəyişməyə çalışacaqlar. Çexiya Respublikası Livana iki ekspert göndərib. Onlar bu işin təhqiqatında Beyrutla əməkdaşlıq edəcəklər.