Çexiya televiziyası ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadla xəbər verir ki, Çexiya ordusu ölkə sərhədlərinin qorunması üçün 2600 hərbi qulluqçu göndərməyə hazırdır. Bu, ölkəyə qaçqınlar axınının kəskin artması ilə bağlıdır. Hazırda Çexiya Respublikasında birinci dərəcəli həyəcan siqnalı elan edilib. Ordu qüvvələrindən yalnız o halda istifadə olunacaq ki, ölkədə ən yüksək - üçüncü dərəcəli həyəcan siqnalı elan edilmiş olsun.
Siyasətçilərin fikrincə, hələlik bu barədə danışmaq tezdir, lakin ikinci dərəcəli həyəcan siqnalı elan edilməsi ehtimalı yüksəkdir. Əgər Çexiyada ikinci dərəcəli həyəcan siqnalı elan edilərsə, ölkənin nisbətən sakit bölgələrindəki polis qüvvələri daha gərgin vəziyyət yaranmış bölgələrə göndəriləcək.