Avqustun 14-də Brüsseldə Avrozonanın maliyyə nazirlərinin Yunanıstanla bağlı təcili iclası keçiriləcək.
AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, iclasda Yunanıstana 85 milyard avro məbləğində maliyyə yardımının edilməsinə dair bu ölkə ilə müqavilənin bağlanması haqqında qərar qəbul olunması güman edilir.
Bundan əvvəl Yunanıstanın Maliyyə Nazirliyinin nümayəndəsi Afina və beynəlxalq kreditorların üç ilə hesablanmış üçüncü kredit proqramı ilə bağlı razılığa gəlməsi haqda məlumat yaymışdı. Avropa Komissiyasının nümayəndəsi Annika Breydthardt bu xəbəri təsdiqləyərək deyib ki, növbəti addım qiymətləndirmə və siyasi səviyyədə qərar qəbul etmədir.