“Boko Haram” qruplaşmasının başçısı dəyişib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Çad prezidenti İdris Debi bəyan edib.
Onun sözlərinə görə, silahlıların yeni başçısı Məhəmməd Daud Nigeriya tərəfinin iştirakı ilə danışıqlara hazır olduğunu bildirib.Bununla belə, “Boko Haram”ın sabiq lideri Abubakar Şekau barədə məlumat verilmir. Məlum olduğu kimi, Çad ordusu Niger və Kamerun hərbçiləri ilə birgə Nigeriyaya silahlılarla mübarizədə kömək edir.
“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2015-ci ilin martında internetdə paylaşdıqları video çarxda “Boko Haram” silahlıları İŞİD-ə tabe olacaqlarına and içmişdilər.