Qazaxıstan DİN: "Etirazçılara qarşı ordudan istifadə edilmir"

Qazaxıstan DİN:  "Etirazçılara qarşı ordudan istifadə edilmir" backend

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Report “Zakon.kz”a istinadən xəbər verir ki, nazirlik bir müddət əvvəl sosial şəbəkədə Mangistau vilayətinə hərbçilərin yola düşdüyünə dair yayılan məlumatları təkzib edib.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında informasiyaların reallığı əks etdirmədiyini bildirib. Nazirlik xatırladıb ki, yalan məlumatı yayanlar məsuliyyət daşıyacaqlar.

Bildirilib ki, Almatı şəhərindəki iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil dağıdılıb və yandırılıb. Məlumata görə, onlardan 16-sı polis, 7-si təcili tibbi yardım, 2-si yanğınsöndürən, 7-si yük maşını və 1-i yanacaqdaşıyan avtomobildir. Vurğulanıb ki, iğtişaş zamanı 300-ə yaxın müəssisə, o cümlədən 120 dükan, 100-dən artıq ofis və 80 ictimai iaşə obyekti dağıdılıb.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə, dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

loading...
Diaspora