2021-ci ildə ölkələr diqqətlərini pandemiya ilə mübarizəyə ayırsalar da, bir çox vacib hadisələr baş verib.
Qaziler.az Ordu.az-a istinadla onlardan bəzilərini diqqətinizə çatdırır:
Ermənistanda hərbi çevilişə cəhd
Qarabağda ağır məğlubiyyətə uğradıqdan sonra Ermənistanda siyasi böhran yarandı. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan müxtəlif rütbələrə malik 40 zabitlə birlikdə bəyanat yayaraq Paşinyan və hökumətini istefaya çağırdı. Paşinyan onların çağırışını çevrilişə cəhd kimi qiymətləndirdi. İyunun 20-də növbədənkənar parlament seçkiləri keçirildi. Paşinyan yenidən qalib gəldi. Amma siyasi böhran həll olunmadı. İl ərzində Ermənistanda bir neçə dəfə müdafiə naziri təyin olundu.
İsrail və HƏMAS arasında döyüşlər
Mayın 10-da İsrail ordusu ilə HƏMAS hərəkatı arasında toqquşma yaşanıb. HƏMAS Qəzza zolağından İsrail istiqamətində kütləvi raket hücumu həyata keçirdi. İsrail ordusu HƏMAS mövqelərinə aviazərbələr endirdi. İsrail ordusu raket hücumlarına qarşı “Dəmir Günbəz” Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərindən istifadə edib. Tərəflər mayın 21-də atəşkəs elan etdilər. Ümumilikdə 200-dən çox insan həlak olub.
Qırğızıstan və Tacikistan arasında “su müharibələri”
Aprelin 28-də Mərkəzi Asiyada Qırğızıstan və Tacikistan arasında toqquşma yaşanıb. Yerli sakinlərin su mənbələri uğrunda mübahisəsi iki tərəfin hərbi qulluqçularının toqquşmasına səbəb oldu. Nəticədə, 50-dən çox şəxs həlak oldu. Mayın 1-də tərəflər atəşkəs imzaladılar, buna baxmayaraq ara-sıra insidentlər qeydə alınır.
“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirir
“Taliban” və Tramp administrasiyası arasında Qətərdə imzalanan razılaşamaya uyğun olaraq bu ilin mayın 1-dən ABŞ Əfqanıstandan qoşunlarını çıxamağa başladı. Bununla da “Taliban” hərəkatı hakimiyyəti ələ keçirmək üçün hücuma başladı. Avqust ayının 15-də qiyamçılar paytaxt Kabil şəhərini ələ keçirdi və Prezident Əşrəf Qani ölkədən qaçmaq məcburiyyətində qaldı.
Efiopiyada vətəndaş müharibəsi
2021-ci ildə Efiopiyada hakimiyyət qüvvələri ilə Tiqray bölgəsində yerləşən silahlı qiyamçılar arasında toqquşmalar davam edib. Tiqray silahlıları bir neçə bölgəni ələ keçirsə də, hökumət qüvvələri onları geri çəkilməyə məcbur edib.
AUKUS
15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında üçtərəfli təhlükəsizlik paktı imzalandı. AUKUS adlanan pakta əsasən ABŞ və İngiltərə Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında kömək etməyi qəbul etdilər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, bunun Çinin Hind-Sakit Okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün formalaşdırıldığı ehtimal edilir.
Yeni razılaşma Avstraliya və Fransa araısnda imzalanan çoxmilyardlıq sualtı gəmi müqaviləsini qüvvədən düşürdü. 17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni “arxadan bıçaqlanma” adlandırdı.
Türkiyənin PUA satışları artır
Qarabağ müharibəsində Ermənistan ordusunun “Bayraktar TB2” zərbə PUA-ları ilə məhv edilməsindən sonra dünyanın bir çox ölkəsinin Türkiyə PUA-larına marağı artdı. “Baykar” şirkətinin məlumatına görə, bu PUA-lar artıq 13 ölkəyə satılıb. Ölkələrin hamısının adları açıqlanmır. Qətər, Ukrayna, Türkmənistan, Qırğızıstan, Efiopiya, Nigeriya, Polşa, Qazaxıstan, Tunis və s. ölkələr Türkiyə PUA-ları sifariş verib.
Eyni zamanda Türkiyə bu il daha ağır sursat daşıya ilən “Aksungur” və “Akıncı” zərbə PUA-larını istifadəyə verib.
Hipersəs silahlar sınaqdan keçirilir
Bu il ABŞ, Rusiya və Çin hipersəs sürətə malik silahlarını sınaqdan keçirib. ABŞ-ın keçirdiyi üç sınaq uğursuz olub. Rusiya “Zirkon” raketlərinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. “Financial Times” nəşrinin məlumatına görə. Çin bu il bir neçə dəfə hipersəs raket və raket buraxılış qurğularını sınaqdan keçirib. Çin bu barədə məlumatları açıqlamayıb.