Müharibə başlasa 2500 tankla rusların qarşısında nə qədər tab gətirmək olar?

Müharibə başlasa 2500 tankla rusların qarşısında nə qədər tab gətirmək olar? backend

Rusiya Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməkdə davam edir və xəbər verildiyi kimi, ABŞ kəşfiyyatı Kremlin yanvarın sonlarında, fevralın əvvəllərində hücum əmri verə biləcəyi haqda müttəfiqləri xəbərdar edib.

 

Bəs Rusiya Ukraynaya hücum etməmək üçün Qərb qarşısında irəli sürdüyü ultimatuma (bu ölkənin NATO-ya qəbul edilməməsi və ümumiyyətlə, alyansın keçmiş sovet məkanında hər hansı fəaliyyətinin istisna edilməsi kimi şərtlərin yer aldığı təhlükəsizlik təminatı layihəsi,-red.) bəyan etdiyi kimi, “tezliklə, dərhal” cavab almasa və müharibə başlasa Ukrayna ordusu rus ordusunun qarşısında nə qədər tab gətirə bilər?

 

 

virtualaz.org xəbər verir ki, ABŞ-ın nüfuzlu “The National İnterest” dərgisi bu məsələni araşdırıb. Jurnalın redaktoru, Pentaqonun keçmiş əməkdaşı və müdafiə nazirinin müşaviri olmuş hərbi ekspert Kris Osborn öz məqaləsində yazır ki, Rusiya hərbi baxımdan iri dünya nəhəngi olmasına, beşinci nəsil təyyarələrə və yaxşı silahlanmış çoxsaylı quru qoşunlarına malik olmasına baxmayaraq Ukraynanın hava məkanında bəzi çətinliklərlə qarşılaşa bilər.

 

“Rusiya Ukraynaya hava hücumu həyata keçirə və strateji aerodromları tuta, mühüm komanda mərkəzlərini qəfil haqlaya və ya hücuma keçən zirehli texnika üçün yolu təmizləyə bilərmi?”,-müəllif sual edir.

 

 

Və cavab verir ki, bu vəzifə həyata keçirilə də bilər, bilməyə də. Bu, Ukrayna silahlarının, hava hücumundan müdafiə vasitələrinin və onların yaxınlaşan Rusiya vertolyotlarına qarşı döyüşmək imkanlarından asılıdır. “Bununla belə, Rusiya proqnozlaşdırılmayan situasiyalara hazırlaşır və yaxın həftələrdə Krım üzərində irimiqyaslı hava-desant təlimləri keçirəcək. Təlim proqramına desant-həmlə və artilleriya bölmələrinin iştirakı ilə döyüş atışları, minatəmizləmə əməliyyatları və şəxsi heyətin hava hücumlarından müdafiəsi də daxildir. Təlimlər çərçivəsində ələ keçirilmiş rayonun bloklanması məqsədi ilə vertolyotlarla desant-həmlə fəaliyyətləri və əsas birləşmələrin sürətli hücumunun təmin edilməsi də daxildir. Bu fəaliyyətlər ordu aviasiyasının (Mi-35 vertolyotları) atəş dəstəyi ilə həyata keçiriləcək”,-məqalədə deyilir.

 

 

Lakin müəllif qeyd edir ki, Rusiya sonrakı hücum üçün dönüş nöqtəsi yarada bilməsə vertolyotların, təyyarələrin və döyüş desant gəmilərinin hücumları real ssenari olmaya bilər. Belə ki, Ukraynanı hərbi baxımdan iri dövlət adlandırmaq olmaz, amma bu ölkə hücum edən Rusiya qüvvələrinə ciddi problemlər yaratmaq üçün əhəmiyyətli miqdarda qüvvə və vasitələrə malikdir. “Global Firepower” saytının məlumatına görə Ukrayna ordusunun silahlanmasında 2 430 tank, 11 minə qədər zirehli transportyor və 2 min vahidə yaxın yedəklənən artilleriya yer alır.

 

Havada üstünlüyə gəldikdə isə Rusiya yəqin ki, buna nail olacaq. Əgər Ukraynanı NATO və ABŞ-ın F-35 Lightning II qırıcıları müdafiə etməsə. Müxtəlif hesablamalara görə, Ukraynanın silahlanmasında cəmi 25 qırıcı var. Və bu ölkənin beşinci nəsil qırıcıları mövcud deyil.

 

 

“Bunu deməyə əsas var ki, Ukraynanın quru qoşunları minlərlə tankdan ibarət arsenalı nəzərə alınarsa Rusiyanın hücum edən zirehli texnikasına heç olmasa ilkin mərhələdə layiqli müqavimət göstərə bilər. Doğrudur, Rusiya hücuma daha güclü T-14 “Armata” tanklarını da ata bilərdi, amma silahlanmada neçə belə tankın olduğu məlum deyil. Ona görə də Rusiya ordusunun əsas hücum qüvvələri modernizə edilmiş T-90 və T-72 tanklarından ibarət olacaq. Bilavasitə hava dəstəyi və havada hökmranlıq olmadan Rusiya tanklarının və zirehli transportyorlarının Ukrayna ordusunun müdafiə xəttinin yarılması zamanı ciddi çətinliklərlə qarşılaşacağı tamamilə mümkündür”, - məqalədə deyilir.

loading...
Diaspora