Almaniyada çıxan “Bild am Sonntag” nəşrinin verdiyi məlumata görə, 2015-ci ilin mart ayında Fransanın cənubunda baş vermiş təyyarə qəzası zamanı həlak olmuş sərnişinlərin qohumları onlara ödəniləcək kompensasiyaların məbləğinin artırılması üçün ABŞ məhkəməsinə müraciət etmək niyyətindədirlər.
Xatırladaq ki, 4U9525 reysini yerinə yetirərkən yerə çırpılmış həmin təyyarə “Lufthansa” şirkətinin törəmə müəssisəsi olan “Germanwings” şirkətinə məxsus idi. “Lufthansa” şirkəti qəza qurbanlarının hər birinin qohumlarına dəymiş qeyri-maddi ziyanın müqabilində 25 min avro ödəməyi təklif edir, lakin bu məbləğ vəkilləri qane etmir.Həlak olanların qohumlarının 39 ailəsinin mənafelərini təmsil edən vəkil Elmar Qimullanın fikrincə, əgər bu müraciətə ABŞ məhkəməsində baxılarsa, uğur qazanmaq şansı yüksəkdir. Qimulla “Bild am Sonntag” nəşrinə verdiyi müsahibədə deyib: “Bizim üçün xüsusi əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, sübutların məhkəmədənkənar müayinəsi sisteminin köməyi ilə bir məsələyə aydınlıq gətirilsin: ümumiyyətlə necə olub ki, psixi problemləri və müvafiq anamnezi sənədlərlə təsdiq edilmiş ikinci pilotun uçuşa buraxılmasına icazə verilib”.
Vəkil Qimulla Nyu-Yorkdakı “Kreindler & Kreindler” hüquq şirkəti ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, həmin şirkət bu sahədə yüksək nüfuza malikdir və demək olar ki, bütün iri aviasiya qəzaları ilə bağlı işlərin tənzimlənməsində cavabdeh olub. Məhkəmə vasitəsilə tələb edilməsi planlaşdırılan kompensasiyaların məbləği hələ müəyyən edilməyib, lakin Qimulla bildirib ki, hər şey Amerika hüququ ilə müəyyən ediləcək.