Güclü leysan Argentinada çətin vəziyyət yaradıb.
AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, Argentinanın fövqəladə yardım xidmətləri daşqının ağır nəticələrini aradan qaldırır. Ən çətin vəziyyət Buenos-Ayres əyalətindədir. Burada leysan yağışları artıq bir neçə gündür ki, davam edir.
Çaylarda su normal səviyyədən dörd metr artıqdır. Üç min adam evini tərk etmək məcburiyyətində qalıb. Zirzəmilər və binaların aşağı mərtəbələrini su basıb, məktəb və mağazalar bağlanıb. Yerli sakinlər qum torbaları ilə barrikadalar qururlar. Hazırda orada ən etibarlı nəqliyyat vasitəsi avarlı və motorlu qayıqlardır.
Meteoroloqların proqnozlarına görə, yağıntı qarşıdakı günlərdə də davam edəcək.