“Əgər Konqres İranla razılaşmanı ratifikasiya etməsə, Avropada Almaniya və Fransa kimi müttəfiqlərimiz yanında etibarımızı itirəcəyik. Biz onlara Ukrayna böhranı ilə əlaqədar Rusiyaya təzyiqləri artırın deyə müraciət etdikdə, onların reaksiyasını təsəvvür edə bilirsiniz? Rusiya və Çinin Ukraynada böhranın nizamlanması ilə bağlı necə əməkdaşlıq etdiyini gördünüz. Onlar dialoqa daha çox kökləniblər”. APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri “Reuters” agentliyinin suallarını cavabalandırarkən deyib.
Dövlət katibi bildirib ki, ABŞ dünyada etibarını itirsə, bir çox ölkələr dollardan ehtiyat valyuta kimi istifadədən imtina edəcəklər: “İranla razılaşmanın imzalanmaması dolların dünyanın bir nömrəli ehtiyat valyutası olmaqdan çıxması deməkdir. Əlbəttə, bu, bir gecəyə baş verməyəcək. Dünya siyasətində ABŞ-ın yol göstərməsini gözləməyən çoxlu oyunçular var. Onlar ABŞ-ın uzaqgörən olmayan siyasəti səbəbindən bir araya gəlib, başqa ehtiyat valyuta yaratmaq barədə razılıq əldə edə bilərlər”.
ABŞ dövlət katibi bu fikirlərlə BRİKS alyansına işarə vurub. Müşahidəçilər hesab edir ki, Vaşinqton artıq qlobal sistemdə dəyişikliklərə mane olmaq iqtidarında deyil. İnkişaf Bankının məcmu kapitalı 100 milyard dollara çatıb və hələlik bank ehtiyatlarını dollarla saxlamağa üstünlük verir. Lakin bu valyutanın digəri ilə əvəzlənməsi ehtimalı da artır. Çin bu günlərdə Suyfenxe sərhəd bölgəsində Rusiya rublunu ikinci əsas valyuta elan edib. Çinin hem bir addımı səbəbsiz atmadığı isə hər kəsə məlumdur.