Gözlənilən Ukrayna müharibəsində Bakı və Ankaranın mövqeyi necə olacaq?

Gözlənilən Ukrayna müharibəsində Bakı və Ankaranın mövqeyi necə olacaq? backend

Ekspert: “Azərbaycan ölçülü-biçili davranmalı, Krım məsələsində Türkiyə kimi açıq mövqe ortaya qoymağa tələsməməlidir”

Rusiya-Ukrayna sərhədində vəziyyət daha da gərginləşib. Son günlər ABŞ və digər NATO ölkələrinin Kremlin Ukraynaya hücuma hazırlaşdığı haqda bəyanatlar verdiyi bir vaxtda Kreml də Ukraynanın Donbasdakı münaqişə zonasına qoşun cəmləşdirdiyini bəyan edərək narahatlıq ifadə edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna öz ordusunun yarısını Donbas münaqişəsi zonasına cəmləşdirib.

“Ukrayna Silahlı Qüvvələri hərbi güc cəmləşdirir, ağır texnikanı, şəxsi heyəti çəkib gətirir. Bəzi məlumatlara görə, münaqişə zonasında Ukrayna qoşun qruplaşmasının sayı 125 min nəfərə çatır, bu isə bilməyənlər üçün deyim ki, Ukrayna ordusunun yarısı deməkdir”, - Zaxarova deyib. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Ukraynanın Donbasdakı təmas xəttinə qoşun cəmləşdirməsini “təhlükəli avantüra” adlandırıb. Peskov qeyd edib ki, Moskva deskalasiya üçün heç bir tədbir görməməyi özünə rəva bilməz. “Biz münaqişə zonasına 120 mindən çox hərbçinin cəmləşdirildiyi haqda xəbərləri görmüşük.

Ukrayna Silahlı Qüvvələrinin 2018-ci Ilin Mayında Donbasdakı Hücumu |  Mədəniyyət və cəmiyyət 2021

Məhz bu fakt  Kiyevdə Donbasdakı vəziyyəti güc yolu ilə öz xeyrinə həll etmək əhval-ruhiyyəsinin üstün gələ biləcəyinə dair bizim narahatlıqlarımızı artırır”, - Peskov bildirib. Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya irimiqyaslı hücum üçün şaxtaların düşməsini gözlədiyi barədə xəbərdarlıq edib. Bu isə dekabrın sonlarına, yanvarın əvvəllərinə təsadüf edə bilər. Hücum üçün bəhanə qismində Ukraynanın Donbasda “təxribatlar törətməsi və hücuma keçməsi” barədə iddialar əsas götürülə bilər.

Belə görünür ki, son olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında vasitəçilik təklifinə baxmayaraq, tərəflər “silahını beldən çıxarıb” və qalır ilk atəşin açılması. Yeri gəlmişkən, dekabrın 3-də Ərdoğanla Putin arasında telefon danışığı olacaq. Prezidentlərin Ukrayna mövzusunu da müzakirə edəcəyi gözlənilir.

NATO - Opinion: Keynote interview with NATO Secretary General Jens  Stoltenberg at Reuters Next event , 01-Dec.-2021

Artıq NATO baş katibi Stoltenberg rəsmi şəkildə Rusiyaya xəbərdarlıq edib. O, NATO ölkələrinin xarici işlər nazirlərinin 1 dekabr tarixli iclasında deyib ki, Rusiyanın Ukraynaya hücum etməsi ağır fəsadlarla nəticələnəcək... 

Maraq edilən əsas mövzu isə Bakının və Ankaranın mümkün müharibədə tutacağı mövqedir. Məlumdur ki, Kiyev Qarabağ  müharibəsində Azərbaycanın haqq işinə dəstək verib. Türkiyənin isə Ukrayna və Krım mövzusunda Rusiyanı narazı salan daha həssas mövqeyi var. Üstəlik, son olaraq Kiyevin “Bayraktar” PUA-larını alması Kremli qıcıqlandırıb. Müharibə açıq müstəviyə, hərbi əməliyyatlara keçərsə Azərbaycanın və Türkiyənin mövqeyi necə olacaq? Necə edək ki, bu münaqişədə biz də “yanmayaq”, çünki hələ həm sərhəddə, həm Qarabağda problemlər var ki, bunları Rusiyanın iştirakı olmadan çözmək çətindir.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ukrayna-Rusiya müharibəsi hər an başlaya bilər. Bu, əslində Rusiya ilə ABŞ-ın, NATO-nun savaşı ola bilər: “Türkiyənin NATO üzvü olduğu nəzərə alınsa, demək, dolayısı ilə Türkiyə də bu müharibənin içərisində olmuş sayılacaq. Rusiya sanki çox böyük miqyaslı müharibəyə hazırlaşır kimi hərəkətlər etməkdədir. Rusiya Ukraynanın sərhədi boyu çoxsaylı ağır hərbi texnika toplamaqdadır. Müxtəlif KİV-lərin səhifələrində bu prosesin haraya yön aldığı barədə müxtəlif ehtimallar, şərhlər, proqnozlar verilir. Bu fikirlərin içərisində ən çox diqqəti cəlb edəni Rusiyanın Ukraynaya hücum edəcəyi və ən azından Kiyevə qədər Ukrayna ərazilərini ələ keçirəcəyi barədədir. Normal məntiqlə bütün bu deyilənləri qəbul etmək o qədər asan deyil. Çünki söhbət beynəlxalq hüquq normalarına əməl edilməsindən, dövlətin beynəlxalq münasibətlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən xeyli dərəcədə asılıdır. Üstəlik də dünya hələ ki ”souq müharibə"dən sonra formalaşmış nizamını böyük ölçüdə qoruyub saxlaya bilib və hələ ki yeni dünya nizamı prosesinə keçid baş verməyib. Bu nöqteyi-nəzərdən Rusiyanın hərəkətlərini çərçivəyə sala biləcək kifayət qədər beynəlxalq hüquq normaları, konvensiyalar, eləcə də ehtimal olunan təcavüzə qarşı çıxan hərbi-siyasi qurumlar var ki, bunların da başında NATO gəlir".

Politoloqun fikrincə, NATO Rusiyanı Ukraynaya hücum edəcəyi təqdirdə cəzalandıracağı barədə bəyanatlarında bu dəfə çox ciddidir. Lakin belə görünür ki, NATO-dan olan xəbərdarlıqlar Rusiya tərəfindən ciddiyə alınmır: “Ona görə də dünya çox ciddi hərbi qarşıdurma ilə üz-üzə qala bilər. Rusiya Ukraynaya hücum edərsə, dünya çox ciddi hərbi qarşıdurmanın astanasına gəlib çıxa bilər və çox ağılagəlməz dəhşətli hadisələr baş verə bilər. Mən bilmirəm, Rusiya bunun fərqindədirmi ki, ona qarşı təsəvvür belə etmədiyi böyük imkanlara malik güc dayana bilər. Rusiya bunun fərqinə varmadığı üçün proseslər öz axarından çıxmaq ərəfəsindədir”.

Q.Hüseynli hesab edir ki, vəziyyətin çox təhlükəli həddə yaxınlaşdığını həm NATO-nun müttəfiqi, həm də Rusiyanın tərəfdaşı olan Türkiyə görür. Ona görə də Türkiyənin vasitəçilik təşəbbüsü səbəbsiz deyil: “Türkiyə prezidenti Ərdoğan dekabrın 3-də Putinə zəng edəcək. Məsələ çox ciddidir. Türkiyə çox haqlı olaraq Ukraynanın haqq işini müdafiə edir. Çünki Ukraynanın ərazi bütövlüyü pozulub. Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü tanıyır və daim müdafiə edir. Yəqin ki, bundan sonra da mövqeyimiz dəyişməyəcək. Bunu Rusiya özünə qarşı olan davranış kimi qəbul etməməlidir. Bizim Rusiya ilə də çox sıx əməkdaşlığımız var və bu əməkdaşlıq davam edəcək, davam etdirilməlidir. Azərbaycan bu baxımdan müəyyən qədər ölçülü-biçili davranmalı, Krım məsələsində Türkiyə kimi açıq mövqe ortaya qoymağa tələsməməlidir. Əlbəttə, yeni müharibə təhlükəsini pisləməliyik, amma elə etməliyik ki, Rusiya ilə indiki həssas vaxtda münasibətlərimizi pozan vəziyyət yaranmasın. Lakin Rusiya Ukraynaya hərbi hücum edəcəksə və müharibə başlayacaqsa, o zaman mövqelərimiz  birmənalı olmalıdır. Kim olmasından asılı olmayaraq, təcavüzkarı pisləməliyik”.

“Yeni Müsavat”

Diaspora