Çində uyğurların saxlandığı əsir düşərgələrinin gizli videosu yayılıb

Çində uyğurların saxlandığı əsir düşərgələrinin gizli videosu yayılıb backend

Sosial şəbəkədə Çində uyğurların saxlandığı əsir düşərgələrinin gizli yolla çəkilmiş videosu yayılıb.

Novator.az-ın məlumatına görə, 20 dəqiqəlik videonu özünü Quanquan adıyla təqdim edən bir jurnalist çəkib.

Bu video Çində uyğurlara qarşı cinayətlərə, onların əsir düşərgələrinə salındığına daha bir əyani sübutdur.

Xarici jurnalistlər Çinin ucqar əyalətlərinə buraxılmadığından özünü turist kimi aparmağa məcbur olan, mühafizəçilərin diqqətini cəlb etməkdən ehtiyatlanan Quanquan gözündə eynək, bel çantasında gizlətdiyi kamera ilə Çinin Urumçi şəhərində bir küçəni axtarırmış kimi davranıb və turist ayağı dəyməyən bölgələri də dolaşıb.

Bu barədə xəbər verən Böyük Britaniyanın “Daily Mail” nəşri yazır ki, kommunist rejiminin törətdiyi soyqırımı cinayətlərini açıb göstərməyə cəhd edən şəxsi Çində hansı dəhşətli işgəncələrin gözlədiyini Quanquan, şübhəsiz ki, çox yaxşı bilir.

Böyük risk altında bölgələrə səfər edən Quanquan Çinin səkkiz şəhərini gəzib və həmin şəhərlərdə 18 düşərgənin olduğunu üzə çıxarıb. O, üzərində “Əmək yolu ilə islahat” tipli şüarlar asılmış belə düşərgələrin hündür divarları arasında tikanlı məftilləri, gözətçi qüllələrini, nəzarət-buraxılış məntəqələrini, ordu kazarmalarını, hərbi avtomobilləri, müxtəlif fərqləndirici nişanları və gediş-gəliş yollarını lentə ala bilib.

Quanquan belə düşərgələrin çoxunun xəritədə olmadığını da diqqətə çatdırıb.

Çin hakimiyyəti həbs düşərgələri ilə bağlı ittihamları rədd edir və bildirir ki, yürütdüyü siyasət, habelə kütləvi həbslər guya terrorçuluqla və ya yoxsulluqla mübarizəyə yönəlib.

Çin hakimiyyəti həbsləri, daha doğrusu, onların dili ilə desək, insanların saxlanmasını peşə təlimi mərkəzlərinin işi kimi təqdim edir.

BMT Sincan əyalətindəki düşərgələrdə saxlanılan uyğurların sayının bir milyondan çox olduğunu bəyan edib.

Quanquan səyahətini başa vurandan sonra peşə təlimi mərkəzləri adı altında fəaliyyət göstərən əsir düşərgələrinin görüntüsünü “YouTube” kanalında yerləşdirməklə Çinin kommunist rejiminə yetəricə yeni problem yaradıb.

“Daily Mail” yazır ki, əslən Çindən olan fəallardan biri videodakı görüntülərə münasibət bildirərkən deyib: “Bu video bir daha göstərir ki, terrorçu kimi davranan rejim Sincandakı əsir düşərgələrində məcburi əməkdən yararlanaraq iqtisadiyyat formalaşdırmağa çalışır. Çin dünyanın ən böyük islah əmək düşərgəsinə çevrilib. Quanquanın videosu Çin rejiminin vəhşilikləri haqda ortaya qoyulan çox tutarlı dəlildir”.

Quan adının Tayvanda təhsil alan çinli jurnalistlərdən, fəallardan birinin təxəllüsü olduğu bildirilir. “Daily Mail”in yazısında vurğulanır ki, Quan “Buzzfeed” xəbər saytındakı məlumatlardan təsirlənərək səfərə çıxıb. Həmin sayt 2017-ci ildən bəri tikilmiş 268 düşərgənin yerini müəyyənləşdirmək üçün peyk görüntülərindən istifadə edibmiş.

Quanquan video süjetdə deyir: “Buzzfeed” saytında yalnız peykdən çəkilmiş şəkillər dərc olunub. Həmin şəkilərdə işarələnmiş binalar konkret haradadır? Onlar real həyatda necə görünür? O binaların ətrafında nələr var? Bu suallara cavab tapmaq üçün mən Sincana gəlmişəm”.

Quanquan təqdim etdiyi videoda çəkiliş apararkən tutulacağından, elə çəkdiyi düşərgələrdən birinə aparıla biləcəyindən qorxduğunu etiraf edib.

O, Sincanın mərkəzi şəhəri olan Urumçinin Sinşi rayonunda gəzərkən səkidəki ağacların arasında çoxsaylı müşahidə kameralarının quraşdırıldığını da lentə alıb.

Orada jurnalistin diqqətini yollardakı qırmızı və ağ zolaqlı istehkamlar, burulmuş tikanlı məftillərlə örtülmüş metal hasarlar arxasındakı düşərgələr cəlb edib.

Quan həmin rayonda hündür ağ divarlar arxasında minlərlə insanın saxlandığı ehtimal olunan digər bir düşərgənin yanından keçərkən nəhəng fabriklərə bağlı daha bir həbsxana aşkar edib. Həmin həbsxana peyk görüntülərində aşkar olunan, bir-birinə yaxın məsafədə yerləşən altı müəssisədən biridir.

Quan videoda deyir: “Burada bir çox düşərgə var və onların hər birində gözətçilərin durduğu müşahidə qüllələrini görmək mümkündür”.

Jurnalist süjetdə daha bir təcridxananı lentə almaq üçün parka necə daxil olduğunu və təpənin üstünə çıxaraq video çəkiliş apardığını nümayiş etdirib.

Əvvəllər mediada getmiş məlumatlarda həmin yeni düşərgənin ən azı 10 min nəfər üçün nəzərdə tutulduğu qeyd olunub.

Jurnalist Korla şəhərinə də yollanıb. O, bəzi hərbi maşınların üzərində özünün də ifadə etdiyi kimi “SS əsgərləri”nin təsvirlərinin olduğunu vurğulayıb. Quan kazarma qarşısında dayanan 2 tankı da lentə alıb.

Videodan görünür ki, Quanın son lentə aldığı məkan Yansidən bir saatlıq məsafədə yerləşən oxşar həbsxanadır. Quan deyir: “Onu yoldan görmək elə də asan deyil”.

loading...
Diaspora