Almatı şəhərinin sabiq hakimi “Astana EKSPO-2017” Milli Şirkəti SC idarə heyətinin sədri vəzifəsinə təyin edilib

Almatı şəhərinin sabiq hakimi “Astana EKSPO-2017” Milli Şirkəti SC idarə heyətinin sədri vəzifəsinə təyin edilib backend

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Cənubi Qazaxıstan vilayətinə işgüzar səfəri zamanı Almatı şəhər şurasının sessiyasında iştirak edib. Sessiyada Almatının yeni hakimi vəzifəsinə Bağırjan Baybekin namizədliyi deputatlar tərəfindən yekdilliklə bəyənilib.



Qazaxıstan Prezidenti qeyd edib ki, “Astana EKSPO-2017” Milli Şirkətinin rəhbəri təyin edilmiş Axmetjan Yesimov Almatının hakimi vəzifəsində böyük işlər görüb.

Nursultan Nazarbayev deyib: “Bu müddətdə şəhər çox ciddi nəticələr əldə edib, şəhərin siması dəyişib, o daha dinamik və rahat olub, mənzil tikintisi işləri fəal aparılır, şəhərdə iki təzə rayon yaranıb. Asiya idman oyunları uğurla keçirilib, Dünya Tələbə Oyunlarına hazırlıq işləri davam edir. Almatıda kiçik və orta biznes çox səmərəli şəkildə inkişaf edir. Şəhər iqtisadiyyatında nisbi payı 30 faizdən çox olan kiçik və orta biznes büdcəyə daxilolmaların üçdə iki hissəsini təmin edir. Bu çox mühüm göstəricilərdir”.

Qazaxıstan Prezidenti vurğulayıb ki, A.Yesimovun təcrübəsi Astanada “EKSPO-2017” sərgisinin təşkili və keçirilməsi üçün zəruridir.

Nursultan Nazarbayev diqqəti buna cəlb edib ki, Almatı ölkənin ən iri şəhəri olmaqla bərabər, həm də onun iqtisadiyyatının lokomotivi, elm və təhsil mərkəzidir. Bu şəhərin idarə edilməsi üçün təcrübəli və kreativ kadrlar lazımdır.

Dövlət başçısı Almatının gələcək inkişafının ən mühüm istiqamətlərini göstərərək qeyd edib ki, ilk növbədə şəhərin elmi və kadr potensialından, onun investisiya baxımından cəlbediciliyindən istifadə edərək yeni istehsalatlar yaradılması işini fəallaşdırmaq lazımdır.

Qazaxıstan Prezidenti “Universiada-2017” yarışlarının yüksək səviyyədə keçirilməsi, yeni tikilmiş bütün obyektlərdən səmərəli istifadə edilməsinin təmin olunması barədə tapşırıqlar verib.

Prezident qarşıdan duran işlərin daha bir mühüm istiqaməti kimi şəhərdə kriminogen vəziyyəti yaxşılaşdırmağın zəruri olduğunu vurğulayıb.

Nursultan Nazarbayev çıxışının sonunda vurğulayıb ki, bütövlükdə ölkədə yaranmış mürəkkəb vəziyyətin aradan qaldırılması və onun gələcək inkişafı çox cəhətdən Almatının uğurlu inkişafından asılıdır.
Diaspora