Putinin B planı

Putinin B planı backend

Böyük Britaniyanın “The Guardian” qəzetində “Putinin B planı: Rusiyanın Ukraynanın şərq sərhədində hərbi gücünü artırması Moskvanın strategiyanı dəyişməsindən xəbər verir” adlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Təxribat, yoxsa hazırlıq? Və məqsəd nədir? Rusiyanın Ukraynanın şərq sərhədi yaxınlığına qoşun yığmaqda niyyətinin dəqiq nə olduğu hələ də bəlli deyil.

Ancaq getdikcə bir məsələ daha da aydınlaşır: Rusiya prezidenti Vladimir Putinin yazda yaratdığı gərginlik (onda da o, Ukrayna sərhədinə qoşun yığmışdı) epizodik, ötəri bir hadisə deyildi, bu, onun məsələyə yeni yanaşmasının başlanğıcı, ilk mərhələsi idi. Beş il dondurulmuş vəziyyətdə qalan münaqişənin buzu, deyəsən, təhlükəli həddə əriməkdədir.

Aprel ayında on minlərlə hərbçini Ukrayna sərhədinə göndərəndən az sonra Putin elan etdi ki, Kiyevə və Qərbə yardım əlini uzadaraq  qoşunlarını qismən geri çəkir. Amma ötən müddət göstərir ki, bu geri çəkilmə tam formal xarakter daşıyıb. Qoşunların, tankların, ballistik raketlərin və artilleriya qurğularının çoxu yenə həmin bölgədədir.

Hazırda bu arsenala 100 minə yaxın hərbçi də əlavə olunmaqdadır. Həmin hərbçilər Ukraynanın 2014-cü ildən bəri Rusiyayönlü separatçıların nəzarətində olan Donbas bölgəsinin şimal, cənub və şərqinə yerləşdirilir.

Bugünlərdə NATO-nun baş katibi Yens Stoltenberq Moskvaya xəbərdarlıq etdi ki, Avropa İttifaqının qonşusu və müttəfiqi olan Ukraynaya qarşı növbəti təxribatlara, aqressiv hərəkətlərə yol verilməməlidir. ABŞ-ın dövlət katibi Entoni Blinken isə dedi ki, Moskva aqressiv addım atsa, bu böyük səhv olacaq.

Noyabrın 16-da isə Almaniyanın enerji məsələlərini tənzimləyən qurumu mübahisəli “Şimal axını – 2” qaz kəmərinin lisenziyalaşdırılması prosesini müvəqqəti dayandırdı. Beləliklə, onsuz da qeyri-sabit olan vəziyyət daha da müəmmalı xarakter alır. “Şimal axını – 2” kəməri Rusiyaya Ukraynadan yan keçməklə Almaniyaya qaz nəql etməyə imkan verir. Kiyev isə bunu özünə həm maddi, həm də təhlükəsizlik baxımından təhdid sayır.

ABŞ kəşfiyyatı Rusiyanın hərbi müdaxiləyə əl atacağı ehtimalını yüksək qiymətləndirir. Birbaşa müdaxilə Kremlə ciddi geosiyasi risklər yarada bilər. Çünki 2014-cü ildə tətbiq olunmuş sərt sanksiyalar indiyədək qüvvədədir. Ancaq görünür Putin Donbasda hərarəti artırmağın zamanı çatdığını düşünür.

2019-cu ildə Ukraynanın prezidenti seçilən Vladimir Zelenskinin gözlənilənlərin əksinə olaraq Rusiyanın təsir və tələblərinə elə də boyun əymədiyi üzə çıxdı. Ukraynada ruspərəst siyasətçi, Putinin əsas müttəfiqi Viktor Medvedçuka dövlətə xəyanət ittihamı irəli sürüldü. Bu, Moskvanın qınağına səbəb oldu.

Ukrayna ilə sərhəddə qoşunlarının sayını artırması Kremlin silahları dərhal işə salıb mümkün ssenarilərə çevik reaksiya vermək imkanını xeyli gücləndirir.

Moskvanın bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinın separatçıların nəzarətində olan bölgəyə dronla hücum etməsini “sabitliyi poza biləcək bir hadisə” kimi qiymətləndirməsi əslində hadisələrin gələcək istiqamətindən xəbər verir.

Moskva görür ki, sönükləşməkdə olan sülh danışıqları daha onu əsas məqsədinə çatdıra bilmir – bu danışıqlar Kiyevi qorxutmur, Ukraynanın Avropa Birliyi və NATO ilə münasibətlərinə əngəl törətmir. Ona görə də Moskva, deyəsən, özünün son dərəcə təhlükəli olan B planını işə salmaq qərarına gəlib.

Beləliklə, Rusiyanın Ukrayna yaxınlığında hərbi gücünü artırması 2015-ci ildə Minskdə imzalanmış ikinci sazişdən sonra nisbətən səngimiş, sabit vəziyyət almış (insan tələfatları davam etsə də) münaqişənin yenidən alovlanmasına gətirir.

Qərb Moskvaya mesaj verməlidir ki, Rusiyanın həddini aşması onu ciddi xərcə salacaq növbəti iqtisadi sanksiyalarla, “Şimal axını – 2” layihəsindən imtina olunması ilə üz-üzə qoyacaq.

Putinin Bosniyadan tutmuş Belarusa qədər postsovet məkanına dağıdıcı təsiri artır. Ukraynanın bu qış yenidən o təsirə məruz qalmaması üçün Qərb Kiyevlə möhkəm həmrəylik nümayiş etdirməlidir.

loading...
Diaspora