İraq kürd muxtar regionunun silahlı birləşməsi olan “Peşmərgə” terrorçu Kürd Fəhlə Partiyasından (PKK) bölgəni tərk etməyi tələb edir.
Anadolu Agentliyinin məlumatına görə, bu tələblə “Peşmərgə” komandanı Zaim Əli çıxış edib. O bildirib ki, İraqın şimal ərazisində mülki əhali üçün yaranan həyati təhlükənin başlıca səbəbi PKK-nın ərazidəki düşərgələridir. Bu bölgədə terror aktları törətmək əvəzinə onun təbii ehtiyatlarından və turizm imkanlarından yararlanmaq lazımdır.
PKK silahlıları tərəfindən bir nəfər “Peşmərgə” əsgərinin öldürülməsi İraq kürd muxtar regionunun rəhbərliyini daha sərt tədbirlər görməyə məcbur edir.
Xatırladaq ki, Zargəli kəndinin bir qrup sakini də İraq kürd muxtar regionunun rəhbəri Məsud Bərzani ilə görüşdə PKK-nın bölgədəki fəaliyyətinə son qoyulmasını istəyiblər. PKK-nın iyulun 7-də başladığı növbəti terror aktlarına etiraz edən M.Bərzani terrorçu təşkilatdan İraqın şimal ərazisini tərk etməyi tələb edib.
Xatırladaq ki, PKK iyulun 27-də İraq kürd muxtar regionunun əsas gəlir mənbəyi sayılan Kərkük-Yumurtalıq neft boru xəttini partladıb.