Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriya ilə sərhəd bölgədə yerləşən Kilisdə hərbi hissəni ziyarət edib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hərbi hissəni ziyarət zamanı baş nazir əsgərlərlə xatirə şəkli çəkdirib. Mediaya ötürülən bu şəkillər isə skandala səbəb olub.
Hərbi hissədə baş nazir Əhməd Davudoğlu, həmçinin, Türkiyənin sabiq və yeni baş qərargah rəisinin əsgərlərlə birgə çəkdirdiyi şəkillərdən aydın olub ki, əsgərlərin silahlarında daraq yoxdur və onlara patron verilməyib. Fotoda silahların heç birində güllə saxlayıcı mexanizmin olmadığı açıq aydın görünüb.
Qeyd edək ki, Əhməd Davudoğlunun ziyarət elədiyi hərbi hissə keçən ay İŞİD terrorçularının hücumuna məruz qalmışdı. Hücum zamanı leytenant Mehmet Yalçın Nanə şəhid olmuşdu.