Çinin Cıcian əyalətində “Sudelor” qasırğasının yaratdığı sel və uçqunlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, 4 nəfər itkin düşüb.
Qasırğanın gətirdiyi yağıntı isə bölgədə son 120 ilin rekord göstəricidir. Bəzi məntəqələrdə yağıntının miqdarı 700 millimetrdən çox olub.
Əyalətdə təbii fəlakətdən 1,58 milyon nəfər ziyan çəkib, 200 minə yaxın sakin təxliyyə edilib, 785 min evin elektik təchizatı kəsilib, yüzlərlə tikili, avtomobil yolları dağılıb, 43,6 min hektar əkin sahəsi yararsız hala düşüb. Ümumilikdə, təbii fələkətin vurduğu maddi ziyan təxminən 650 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. Qasırğanın törətdiyi fəsadların aradan qaldırılmasına 50 mindən çox canlı qüvvə cəlb edilib.
“Sudelor” qasırğası Çinin Fucian, Ciansi və Anxoy əyalətlərinə də ziyan vurub. Belə ki, Anxoy əyalətində 10 min, Ciansidə 163 min nəfər evakuasiya edilib, turizm mərkəzlərinin fəaliyyəti müvəqqəti dayandırılıb, yüzlərlə təyyarə, qatar və avtobus reysləri təxirə salınıb.
Qasırğa Tayvan adasında da 6 nəfərin ölümünə səbəb olub, 4 nəfər itkin düşüb, 102 nəfər bədən xəsarəti alıb.