FTB amerikalılara iranlı hakerlərlə bağlı xəbərdarlıq edib

 FTB amerikalılara iranlı hakerlərlə bağlı xəbərdarlıq edib backend

CNN kanalının internet səhifəsində iranlı hakerlərin ABŞ-ın və xarici təşkilatların məlumat bazalarından oğurlanmış informasiyalara maraq göstərdiyi haqda yazı dərc olunub.

Novator.az bildirir ki, yazı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xəbərdarlıq məktubu əsasında hazırlanıb.

FTB-nin ABŞ şirkətlərinə, o cümlədən CNN-ə göndərdiyi xəbərdarlıq məktubunda qeyd olunub ki, iranlı hakerlər Amerika təşkilatlarının məlumat bazalarından oğurlanmış informasiyaları əldə etmək üçün kibercinayətkarlara məxsus saytlarda axtarışlar aparırlar. Məqsəd kibercinayətkarların oğurladığı informasiyaları toplamaq, gələcəkdə bundan kiberhücumlara məruz qalmış ABŞ şirkətlərinin internet səhifələrinə müdaxilə etmək üçün yararlanmaqdır.

FTB məktubunda xəbərdarlıq edib ki, iranlı hakerlər internetdəki “qaranlıq forumlara” maraq göstərirlər. Həmin forumlarda kiberfırıldaqçılar öz qurbanlarının elektron ünvan və şəbəkə konfiqurasiyaları kimi məlumatlarını sızdırırlar.

FTB iranlı hakerlərin gələcəkdə ABŞ-ın korporativ şəbəkələrinə soxulmaq məqsədilə belə informasiyalardan istifadə edəcəyi sarıdan narahatdır.

Büronun xəbərdarlığında bildirilir ki, müxtəlif operatorlar kibercinayət aləmindən fayda götürməyə cəhd edə bilər – bəzisi casusluq və ya hökumətin hər hansı tələbini yerinə yetirmək məqsədilə, bəzisi isə pul qoparmaq niyyəti ilə.

Qeyd olunur ki, prezident Cozef Baydenin rəhbərlik etdiyi administrasiya pul qoparmaq məqsədilə tətbiq olunan proqramlara qarşı sərt tədbirlər görsə də, bəzi cinayətkar qruplaşmalar hədəfə aldıqları qurbanlar barədə məlumatları dərc etməkdə davam edirlər: “Onlar insanları kompüterlərinin kilidini açmaq üçün pul ödəməyə məcbur edirlər”.

CNN kanalı FTB-nin iranlı hakerlərlə bağlı xəbərdarlığına əlavə şərh almaq, bu işin arxasında İranın konkret hansı haker qruplarının dayandığını öyrənmək üçün quruma sorğu göndərib. Lakin FTB ad çəkməyib, həmçinin onların İran hökuməti ilə əlaqəli olub-olmadığını açıqlamayıb.

İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət götərən “CrowdStrike” şirkətinin kəşfiyyat üzrə baş vitse-prezidenti Adam Meyers CNN-ə deyib ki, İran hökuməti ilə əlaqəli olan hakerlər müdaxilələri çox vaxt pul qoparmağa çalışan kibercinayətkarların metodlarından yararlanmaqla həyata keçirilər. Onlar bu cür dövlətə bağlı olmayan əməliyyat metodları ilə dövlətə bağlılıqlarını gizlətməyə çalışırlar: “İran hakerləri cinayətkar qruplara məxsus şəbəkələrə girişi o zaman satın alırlar ki, bu onların öz maraqlarına xidmət etmiş olsun”.

CNN informasiya təhlükəsizliyi ilə məşğul olan “SentinelOne” şirkətinin hesabatına istinadla yazır ki, bu il bir şübhəli iranlı qrup özünü pul tələb edənlər kimi qələmə verərək İsaril təşkilatlarına təxribatçı hücumlar həyata keçirib.

CNN qeyd edir ki, analitiklər kiber imkanlar baxımından çox vaxt İranı Rusiya və Çindən sonrakı yerdə göstərirlər, amma hər halda Tehranın nəzarətində ABŞ-ın korporativ və hökumət şəbəkələrinə soxulmaq məqsədilə istifadə edə biləcəyi haker qrupları var.

loading...
Diaspora