Rusiyanı onlar idarə edir: 3 rus klanı barədə İNANILMAZ DETALLAR

Rusiyanı onlar idarə edir: 3 rus klanı barədə  İNANILMAZ DETALLAR backend

Norveçin Müdafiə Araşdırmaları İnstitutunun professoru Yardar Estbyö qeyri-demokratik ölkə olan böyük Rusiyanın iqtisadiyyatının diqqətlə öyrənilməsi layihəsinə rəhbərlik edir.

 

Norveçin “Forskning” nəşrinin məlumatına görə, professor Yardar Estbyö Rusiya barəsində bunları deyir:

 

“Rusiyada vəziyyət Putinin hər səhər oyanıb, ölkədəki bütün hakimiyyətin məhz onun əlində cəmləşdiyini düşünməsi kimi sadə deyil. Rusiyanın hakimiyyət sisteminin bünövrəsində klanlar adlandırılan üç müxtəlif elita dayanır. Bu üç klanın ixtiyarında böyük pullar və ölkə resursları toplaşıb. Putin daim onlar arasında tarazlığın saxlanmasına çalışmalıdır.”

 

Araşdırmaçı ekspertlər Rusiyanın böyük iqtisadi problemlərini məhz bunda görürlər. Elitalar arasındakı kövrək balans həm dəyişikliyə, həm də texnoloji-innovativ yeniliklərə əngəldir. Mövcud vəziyyətin bu cür formalaşması əksər rusiyalının öz yaşayış səviyyəsini yüksəltməsinə ciddi maneələr törədir.

 

Ən güclü elita təhlükəsizlik xidmətidir

 

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra əsas qərarları özəlləşdirmə nəticəsində böyük müəssisələr ələ keçirmiş adamlar – oliqarxlar verirdilər. 2000-ci ildə hakimiyyətə gələndə Vladimir Putin kompromis namizəd idi və həmin dövrün elita nümayəndələri onun lider roluna uyğun gəldiyi qənaətində idilər. Putinin üzərinə düşən başlıca vəzifə bir-birilərinə hücum edən müxtəlif elitaları qorumaq idi. O, neftin qiymətinin yüksəlməsi hesabına bunun öhdəsindən gələ bildi.

 

Estbyö deyir: “Bu gün Rusiyanın ən qüdrətli iki elitası təhlükəsizlik xidmətində və silahlı qüvvələrdə çalışanlardır. Vladimir Putinin özü də bu qrupdan çıxıb. Təhqiqatçı ekspertlərin sözlərinə görə, ölkə daxilindəki siyasi və iqtisadi faktorlar həmin qrupların Rusiyada aparıcı rol oynamasına gətirib çıxardı. Üçüncü elita isə dövlət bürokratiyasının liderlər qrupudur. Lakin bu qrup üç elita içərisində ən kiçiyidir. Putinin az qala başlıca işi bu klanların bir-birinə hücum etmələrinin qarşısını almaqdır. 1990-cı illərdə elitalar arasında amansız mübarizə gedirdi”.

 

Pul bölgüsünün yazılmamış qaydası

 

Putinin hakimiyyətində bu üç elita arasında təbii resursların və pulun bölüşdürülməsinin yazılmamış qaydası mövcuddur. Putin çalışır ki, klanlar arasında baş verənlər maksimal şəkildə proqnozlaşdırılsın. Amma Putin öz vəzifəsində əbədi qala bilməz və həm də ki, artıq son illər onun rolu nəzərəçarpacaq dərəcədə azalıb. Elə bu səbəbdən də elitalarda həyəcan artıb.

 

Estbyö deyir: “Rusiyada müəyyən qədər iri miqyaslı iqtisadi fəaliyyətlə məşğul olan şəxslər bu üç klandan birinə məxsusdurlar. Klanlar arasındakı rəqabət Rusiya hakimiyyət elitasında gələcəklə əlaqədar daim qeyri-müəyyənlik yaradır. Bu, Rusiya iqtisadiyyatına konstruktiv investisiya yatırılmasını əngəlləyir. Rusiya elitasının nümayəndələri ölkənin gələcəyi ilə bağlı vahid görüş formalaşdıra bilmirlər. İqtisadi böyümənin daha bir əngəlləyicisi hamının yaxşı bildiyi faktordur – Rusiyada qazancın ən yaxşı üsulu “caynaqlarını böyük dövlət sifarışlərinə keçirməkdir”. Amma bu cür sifarişləri həmişə Putinin etibarlı dostları alır”.

 

Digər tərəfdən isə ölkədə iri miqyaslı özəl layihələrə başlamağın özü də risklidir. Bu da həmçinin iqtisadi böyüməni ləngidir.

 

Qərblə daimi münaqişə

 

 

Vladimir Putinə və Rusiyanın hakim elitasına xalqı öz ətrafında birləşdirmək üçün nəsə lazımdır. Bunun üçün onlar rus vətənpərvərliyindən istifadə edirlər. Qərb və NATO-nun ölkəyə təhlükə olduğu mənzərəsi yaradırlar. Buna görə Rusiya hər zaman Qərblə münaqişə vəziyyətində qalmalıdır.

 

Son onillikdə Rusiyada iqtisadi staqnasiya yaşanır. Artıq bir neçə ildir ki, neftin qiyməti aşağı səviyyədədir və elə buna görə də elitalar arasında bölünən məbləğ azaldılıb. Prezident Putin üçün bu, daimi problem yaradır. İşsizliyin nəzarət altına alınmasına baxmayaraq, bütün sistem üçün islahatların və innovasiyanın çatışmaması xarakterik hal alıb. Buraya Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin tətbiq etdiyi sanksiyaları da əlavə etməliyik. Lakin hər halda Rusiya iqtisadiyyatı üçün sanksiya heç də ən böyük problem deyil.

 

Beləliklə, Yardar Estbyö və onun təhqiqatçı həmkarları Vladimir Putinin ölkədə həm siyasi və həm də iqtisadi planda hökmranlığa malik qüdrətli “çar” olduğunu görmürlər.

 

Yardar Estbyö bu barədə bildirib: “Ola bilər ki, o, heç də Qərbdə hamının sandığı kimi hiyləgər və fəndgir strateq deyil. Rusiyada baş verənlər onu göstərir ki, Putinin hər şeyə tam nəzarət etmək imkanı yoxdur. Rusiyada nəyisə dəyişməkdən ötrü iqtisadi və siyasi islahatların həyata keçirilməsi vacibdir. Problem ondadır ki, belə islahatlar elitalar arasındakı balansı təhlükə altında qoya bilər. Bu isə öz növbəsində Rusiyadakı siyasi sabitliyə ciddi təhlükə törədər”.

 

Avrasiya İqtisadi İttifaqının uğursuzluğu

 

 

İqtisadiyyatın tutqun mənzərəsinə başqa bir fakt da qoşulur. Rusiya Prezidentinin əsas layihəsi olan və Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan arasında yaradılmış Avrasiya İqtisadi İttifaqı uğursuzluğa düçar olub.

 

1 yanvar 2015-ci ildə qüvvəyə minmiş müqaviləyə əsasən, bu təşkilat iqtisadi inteqrasiyanı təmin etməli və ümumi əhalisi 180 milyon nəfər olan nəhəng məkanda mal, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkəti ilə azad bazar yaratmalıydı.

 

Tomsk Dövlət Universitetindən olan təhqiqatçı analitik Yevqeni Troitskiy deyir ki, Avrasiya İqtisadi İttifaqının dağılmasının real səbəbi Ukrayna böhranı oldu. Rusiyanın qonşu ölkəyə soxulmasından sonra keçmiş SSRİ ölkələri arasında sıx iqtisadi əməkdaşlıq qurmaq uğursuzluqla nəticələndi.

 

Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlər tariflər və kvotaların köməyi ilə digər ölkələrdən qida məhsulları idxalına yol verməməyə çalışsalar da, heç nə alınmır. Bunun qarşısını almaq üçün sanitar və veterinar nəzarət kimi qaydalara əl atırlar.

 

Bu gün 2025-ci il üçün neft, qaz və elektrik enerjisi üzrə ümumi bazar yaratmaq planı var, amma bu istiqamətdə hələ çox işlər görülməlidir. Maliyyə sektorunun liberallaşması proqramı da 2025-ci ilədək təxirə salınıb. Avrasiya İqtisadi İttifaqı ən çox elm, turizm sferasında əməkdaşlıqda və işçi qüvvəsinin yerdəyişməsində irəli gedib. Lakin analitik Yevgeni Troitskiy hesab edir ki, istənilən halda Rusiya öz qonşuları ilə iqtisadi münasibətlərdə kökədən daha çox qamçıdan istifadə etmək məcburiyyətində qalacaq. Əgər Rusiya Qərblə əlaqələrdə meydana gəlmiş dar dalandan çıxa bilməsə, Avrasiya İqtisadi İttifaqı dərin durğunluğa qərq olacaq.

 

Rusiyanı öyrənən iqtisadçıların və politoloqların əksəriyyəti bir məsələdə yekdildirlər ki, bu ölkənin iqtisadiyyatı ilə nə isə etmək lazımdır. Amma ölkənin elitasını təşkil edən qüvvələr nəyin və necə edilməsində razılığa gələ bilmirlər.

 

Estbyö mövzu ilə əlaqdar araşdırmalarına söykənərək, deyir: ”Hətta ən sadə şeylərdə, məsələn, yeni 5G şəbəkəsi üçün radiotezliyin necə verilməsində Rusiyadakı güclü oyunçular öz aralarında razılığa gələ bilmirlər.”(AzPolitika)

loading...
Diaspora