Barak Obamanın Ağ evdə 10 müxbirlə keçirdiyi görüşün detalları məlum olub
ABŞ prezidenti Barak Obamanın avqustun 5-də Ağ evdə ölkənin 10 mətbuat orqanının təmsilçiləri ilə keçirdiyi görüşdə hansı məsələlərdən danışıldığı ortaya çıxıb.
APA-nın xəbərinə görə, “Huffington Post” nəşri görüşdə müzakirə olunan mövzulardan biri də Türkiyənin PKK və İŞİD terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar olub. Jurnalistlərin əməliyyatların narahatlıq yaradıb-yaratmadığı barədə sualına cavab olaraq, Obama belə deyib: “Türkiyə ilə İŞİD-in bölgədə sülh və asayişə yaratdığı təhlükə və bunların həlli barədə danışıqlar aparılır. Türkiyənin PKK hücumlarından özünü müdafiə etmək hüququ var. Ancaq hazırda həlli vacib olan İŞİD məsələsidir. Əcnəbilərin Türkiyə sərhədlərindən keçərək, İŞİD-ə qoşulmasının qarşısının alınması ən önəmli məsələdir. Türkiyənin həyata keçirdiyi əməliyyatların əsas hədəfi PKK yox, İŞİD olmalıdır. Bütün cəhdlər buna yönəlməlidir”.
Nəşr görüşdə 10 müxbirin iştirak etdiyini yazıb.