Türkiyədə milli bayram – Respublika Günü qeyd olunur

Türkiyədə milli bayram –  Respublika Günü qeyd olunur backend

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü qardaş ölkədə təntənə ilə qeyd olunur. Bu münasibətlə ölkənin bütün ərazisində küçə və meydanlar bayramsayağı bəzədilib. Milli bayram münasibətilə rəsmi və ictimai tədbirlər gün ərzində davam edəcək.

AZƏRTAC xəbər verir ki, milli bayram münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə rəsmi heyət Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub.

Sonra Türkiyənin dövlət himni səsləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Respublika Günü münasibətilə Türkiyədə rəsmi bayram tədbirlərinə oktyabrın 28-də start verilib. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Paytaxt Milli Parkının (Başkent Millet Bahçesi) açılışı keçirilib.

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə ölkə ictimaiyyətinə videomüraciətində Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkü ehtiramla yad edən Prezident Rəcəb Tayyib Ərdoğan görülən strateji işlər sırasında Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etmək üçün apardığı haqlı mübarizəni, bu milli mübarizədə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyini xatırladaraq deyib ki, Azərbaycanlı qardaşlarımız 30 ilə yaxın işğalın ardından öz torpaqlarına qovuşdu.

Sonra “Cümhuriyyəti quran və yaşadan qadınlar” proqramında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan türk qadının qəhrəmanlığından və mübarizliyindən geniş söz açıb.

Ötən 98 il ərzində qardaş Türkiyə böyük bir inkişaf yolu keçərək modern dövlətə çevrilib. İnsan haqlarının və ədalətin qorunması, demokratik inkişaf, söz və mətbuat azadlığı, əhalinin rifahının yüksəlişi, güclü və nümunəvi ordu quruculuğu müasir Türkiyənin ən əsas dövlətçilik hədəflərindəndir.

Cümhuriyyət sevinci qardaş türk xalqının ən ülvi hisslərindən biri kimi bütün dünyaya nümunədir.

Diaspora