Türkiyə ordusu böyük hücuma hazırlaşır

Türkiyə ordusu böyük hücuma hazırlaşır backend

Türkiyənin silahlı qüvvələri suriyalı müxalifətçilərin dəstəyi ilə Suriyanın şimalında kürd terrorçularına qarşı növbəti və güclü hücuma hazırlaşır. Bu barədə məlumat yayan “Haber7” informasiya portalı 35 minlik ordunun yeni əməliyyatının əsasən təmas xətti boyunca yerləşən kürd silahlılarının mövqelərinə qarşı yönələcəyini yazıb.

Bu zaman Amerika və Rusiya qoşunları ilə toqquşmadan qaçmaq üçün Türkiyə Ordusunun mümkün olan hər şeyi edəcəkləri vurğulanır. Buna görə də, Türkiyə Silahlı qüvvələri maksimal dəqiqliklə zərbələr endirməyə üstünlük verəcəklər.

İki gün əvvəl Türkiyə parlamenti Suria və İraqda həmsərhəd antiterror əməliyyatları aparmaq üçün ölkənin Silahlı Qüvvələrinin səlahiyyətlərinin iki il müddətinə uzaldılması barədə hökumətin sorğusunu təsdiqləyib.

Artıq bir müddətdir ki, Suriyanın şimalında vəziyyətin gərgin olaraq qalması və türk hərbçilərinə hücumların intensivləşməsi qarşılığında Ankara yeni hərbi əməliyyatlara başlayacağına eyham vurmuşdu. Türkiyə bu hücumlara görə Rusiya ilə ABŞ-ın məsuliyyət daşıdığını da açıqlayıb.

Türkiyə ordusunun regionda yeni genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığını oktyabrın 27-nə keçən gecə 5 kilometrlik hərbi texnika kolonunun Türkiyə ərazisindən Suriyanın şimalına keçməsi də təsdqiləyir. Bu qüvvələrin tərkibində tanklar, artilleriya və hərbi radioelektron komplesklər də daxil olmaqla, 100 zirehli texnikanın yer aldığı bildirilir. Sərhədi keçən kolon İdlibin cənubundakı Cəbəl-əz-Zaviyə rayonuna istiqamət götürüb.


Hökumətdəki mənbələrə istinad edən “Bloomberg” agentliyi də bildirib ki, xəbər verir ki, oktyabrın 27-də Türkiyə Suriyanın şimalına yüzlərlə hərbçi göndərib. "Dünən axşam ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə qarşı yenidən hücuma başlamağa hazırlıq müstəvisində Türkiyə Suriyaya yüzlərlə hərbi qulluqçu göndərib",- nəşr yazıb.

Bundan əvvəl Türkiyənin Suriyanın şimalında əlavə qoşunlar topladığı barədə məlumatlar və videomateriallar yayımlanırdı.

Bu arada, türk qoşunlarının Suriyanın şimalından çıxmasını istəyən Rusiya boş oturmayaraq, Suriyaya özünün müasir qırıcılarını göndərib. “Hərbi icmalçı” Teleqram-kanalı Rusiya HHQ-nin (hərbi hava qüvvələrinin) çoxfunksiyalı "Su-35S" qırıcı təyyarələrinin ilk dəfə Suriyada peyda olduğunu bildirib. Ən azı 4 belə qırıcı Suriyanın şimalındakı Qamışlı şəhərinin aeroportunda gözə dəyib. Onların Suriyada yerləşdirilməsini Türkiyənin həyata keçirə biləcəyi hərbi əməliyyatlarla əlaqələndirirlər.


Hava döyüşləri üçün ən yaxşı təyyarələrdən biri sayılan "Su-35S" 400 kilometrlik məsafədən eyni vaxtda 30 hədəfi müşaiyət edə bilir. Modernləşdirilmiş yüksək manevrli qırıcılar “hava-hava” və “hava-yer” tipli raketlərlə təchiz ediliblər.

Maraqlıdır ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın modernləşdirilmiş "F-16" qırıcılarını satmaq istəməyəcəyi halda Ankaranın Rusiyadan "Su-35" və "Su-57" qırıcıları alacağını bildirib. Mövlud Çavuşoğlu eyni zamanda “PKK/YPG terrorçularının hücumları artıb. Rusiya və ABŞ yaraqlıların Türkiyə sərhədindən çəkilməsi barədə öz öhdəliklərini yerinə yetirmirlər. Buna görə də Ankara məsələni öz gücü hesabına həll edəcək”, - bəyanatını da verib.

Mənbə: Azvision.az

Diaspora